Yeni Daşkənd

Yeni DaşkəndAzərbaycan Respublikasının Bərdə rayonunun Yeni Daşkənd kənd inzibati ərazi dairəsində kənd.[1][2] Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı,[3] Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir.[4] Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyliZümürxan kəndləri ilə həmsərhəddir.[5]

Yeni Daşkənd
40°23′09″ şm. e. 47°02′10″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1953
Sahəsi
  • 9,4 km²
Mərkəzin hündürlüyü 120 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.768 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu 994 20
Poçt indeksi AZ 0943
Nəqliyyat kodu 09
Yeni Daşkənd xəritədə
Yeni Daşkənd
Yeni Daşkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaşayış məntəqəsi XX əsrin 50-ci illərində Ermənistan SSR-in Basarkeçər rayonunun Daşkənd kəndindən kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin ikinci dəfə, yenidən salındığını, ikinci komponenti isə köhnə kəndin adını bildirir.[6]

Türkiyəni öz təsir dairəsinə salmaq istəyən Sovet rəhbərliyinə görə, Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər.[7] Azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinin səbəbləri sırasında Kremlin siyasi dairələrində erməni lobbisinin aktiv fəaliyyəti[8] və xaricdən Ermənistan SSR-ə köçürülmüş ermənilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması[9][10] da qeyd olunurdu. Bu prosesin nəticəsində SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarına uyğun olaraq, 1948–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı. Bu plana əsasən ümumilikdə 100 min azərbaycanlı Ermənistandan köçürülməli idi.[11][12]

Deportasiya olunanlar arasında Basarkeçər rayonunun Daşkənd kəndindən olan 130 ailə də vardı. Onlara 1953-cü ildə köçmə bileti paylanılmış və üç aylıq müvəqqəti vəsiqə verilmişdi.[13] Köçürülmə prosesinə bir həftə qalmış yerli sakinlərdən Süleyman, Xıdır və Bayram adlı üç ağsaqqal ərazi seçimi üçün Bərdəyə gəlir və indiki Yeni Daşkənd kəndinin ərazisini tövsiyə edirlər. Beləliklə, daşkəndlilər 1953-cü il mayın 18-də yük maşınları ilə Zəngibasar rayonundakı Uluxanlı stansiyasına, oradan isə yük vaqonları ilə Yevlax Dəmiryol Stansiyasına, mayın 27-də isə yenidən yük maşınları ilə Bərdə rayonunun "Yeddi çinar" adlanan ərazisinə gətirilirlər.[14] İlk günlərdə ailələrin rayonun 10–12 kəndində yerləşdirilməsi nəzərdə tutulsa da, Bərdə rayon rəhbərliyi daha əvvəl ərazidə olmuş ağsaqqalların xahişi və təkidi ilə ayrıca kəndin salınmasına razılıq verir. Beləliklə, həmin ilin may–iyun aylarında Yeni Daşkənd kəndinin əsası qoyulur.[14]

1988-ci ilin noyabr–dekabr aylarında Daşkənd kəndinin qalan azərbaycanlı əhalisi yenidən deportasiyaya məruz qalır.[15] Nəticədə daha 56 ailə Yeni Daşkəndə gələrək müvəqqəti məskunlaşır. Onlardan 18-i sonralar öz istəkləri ilə Azərbaycanın müxtəlif bölgələrinə köçürlər.[16]

21 may 2023-cü ildə Yeni Daşkənd kəndində Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, deputatlar Əhliman Əmiraslanov, Zahid Oruc, professorlar Azər Kərimov, Ələddin Allahverdiyev, akademik Abel Məhərrəmov, tədqiqatçı Araz Yaquboğlu və yerli sakinlərin iştirakı ilə bu yaşayış məntəqəsinin yaranmasının və Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən deportasiyanın 70 illiyi, eləcə də Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunub.[13][17]

1953-cü ildə kənddə yerləşdirilən ilk 130 ailə olmuşdur. 1980-ci ildə 1280 nəfər,[3] 1999-cu ildə 1964 nəfər (1000 kişi, 964 qadın), 2009-cu ildə 2498 nəfər (1246 kişi, 1252 qadın), 2012-ci ildə 2586 nəfər kənd əhalisi siyahıya alınmışdır.

1988-ci il deportasiyasında ata-baba yurdları olan Basarkeçər rayonunun Daşkənd kəndindən 56 ailə Yeni Daşkənd kəndinə gələrək müvəqqəti məskunlaşıb. Onlardan 38 ailə (172 nəfər) Yeni Daşkənd kəndində daimi yaşayış üçün yerləşdirilmiş, 18 ailə isə öz istəkləri ilə daimi yaşayış üçün Azərbaycanın müxtəlif yerlərinə köç etmişlər.

Hal-hazırda kənddə 630 təsərrüfat var. Kənddə 750 ailədən ibarət olmaqla 2768 nəfər əhali yaşayır. Seçicilərin sayı 1497 nəfərdir.

İl Sayı
1953 617
1980 1.280
İl Sayı
1999 1.964 [18]
2009 2.498 [19]
İl Sayı
2012 2.586
2023 2.768
Yeni Daşkənddə məscid

Kənd qəbiristanlığı 1954-cü ildə salınmışdır. Həmin vaxtadək vəfat edənlər qonşu İmamqulubəyli kəndinin köhnə qəbiristanlığında dəfn olunmuşdur.[20]

2004-cü ildə kənd sakini Hacı Rövşən Vəli oğlu Quliyevin şəxsi vəsaiti ilə məscid tikilmiş, sakinlərin istifadəsinə verilmişdir.

Kənd sovetliyi

[redaktə | mənbəni redaktə et]

Yeni Daşkənd kəndi 1955-ci ilədək Şatırlı sovetliyinin tabeliyində qeydiyyata alınmış,[21] daha sonra kənd eyniadlı sovetliyin mərkəzi olmuşdur.[3] 19 may 1993-cü ildə Zümürxaç kəndi Yeni Daşkənd kənd sovetliyindən ayrılaraq həmin kənd mərkəz olmaqla Zümürxaç kənd sovetliyi yaradılmış, Yeni Daşkənd kənd sovetliyinin İmamqulubəyli və Dilənçilər kəndləri isə Zümürxaç kənd sovetliyinin tərkibinə verilmişdir.[22]

Kəndin qabaqcıl sakinləri öz kəndlərinin idarəetməsində iştirak etməklə yanaşı, ayrı-ayrı illərdə Bərdənin və Ağdaşın rayon xalq deputatları sovetinə və Moskva vilayətinin Lyubertsı şəhər sovetinə də deputat seçilmişlər.[23]

Yeni Daşkənd bələdiyyəsi ancaq bu kəndi əhatə edir. Yeni Daşkənd bələdiyyəsi 782.41 ha[24] (bənzi mənbələrdə 940 ha) əraziyə və 2516 nəfər əhaliyə malikdir və Yeni Daşkənd kəndində yerləşir. Bələdiyyə ərazisində ümumilikdə 566 ailə yaşayır. Seçicilərin sayı 1317 nəfərdir. Yaşayış torpaqlarının ümumi ərazisi 112 hektardır. Bələdiyyə torpaqları 135.62 ha, bələdiyyə ehtiyat fondu isə 11.40 ha təşkil edir. Torhaq sahəsinin 560 hektarı əkin üçün yaralıdır. Kənd təbii qazla təmin olunmuşdur. 2004–2008-ci illərdə 384 nömrəlik elektron ATS quraşdırılmış, Yeni Daşkənd yarımstansiyasında 4,0 MVA-lıq transformator 6,3 MVA-lıq transformatorla[25] əvəz olunmuşdur.

Yeni Daşkənd bələdiyyəsinin hazırkı sədri Piriyev Fəzair Məzahim oğludur. O, 1 may 1963-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuş, 1970–1980-ci illərdə Daşkənd kənd orta mətkəbində oxumuşdur. 1984-cü ildə Krasnodar Politexnik İnstitutuna qəbul olmuş, 1989-cu ildə institutu bitirmişdir. 1999-cu ilin dekabrında keçirilən ilk bələdiyyə seçkilərində Yeni Daşkənd bələdiyyəsinin sədri seçilmiş, 2004-cü ilin dekabrına qədər həmin vəzifədə işləmişdir. Fəzair Piriyev kənddə sovet hakimiyyəti illərində yanmış ATS-in yenidən qurulması, CHF təşkilatının dəstəyi ilə elektrik transfarmatorlarının dəyişdirilməsinə nail olmuşdur. OKSFAM və "Uşaqları qoruyun" xarici təşkilatları ilə danışıqları nəticəsində kənddəki həkim məntəqəsini təmir etdirmişdir. 2008-ci ildə layihə əsasında Yeni Daşkənd kənd yollarının 15 km-ni qum-çınqıl materialı ilə təmir etdirmiş, 2015-ci ildə isə ABŞ səfirliyinin dəstəyi ilə kəndin bir hissəsinin su xətlərini yenilətmişdir. Onun uğurlu fəaliyyəti nəticəsində 2015–2018-ci illərdə ABŞ-nin Azərbaycanda səfiri olmuş Robert Sekuta iki dəfə Yeni Daşkənd kəndində olmuşdur. Fəzair Piriyev 2019-cu ilin dekabrında keçirilən beşinci bələdiyyə seçkilərində bir daha Yeni Daşkənd bələdiyyəsinin sədri seçilmişdir.

Sosial vəziyyəti

[redaktə | mənbəni redaktə et]
Kənddə poçt şöbəsi

Sosial baxımdan ən müasir kəndlərdəndir. Kənddə mədəniyyət evi, kənd həkim məntəqəsi,[3] 41 saylı Yeni Daşkənd kənd kitabxanası, uşaq bağçası-körpələr evi[26] və poçt şöbəsi fəaliyyət göstərir.[27]

Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi

1953-cü ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbi kimi fəaliyyətə başlamışdır. Ətrafdakı 15-ə qədər kənddə tam orta məktəb olmadığından və yeni təşkil olunan bu kənddə ali təhsilli müəllimlərin çoxluğuna görə 1953/1954-cü tədris ilində burada tam orta məktəb açılmışdır. Bu sahədə ən böyük təşəbbüskar və fədakar fəaliyyət göstərən Əliyev Tapdıq Xıdır oğlu olmuşdur. Elə o özü də məktəbin ilk direktoru olmuşdur. İlk tədris ilində kənd sakinlərinin əməyi ilə palçıq-saman qarışığından hazırlanan kərpicdən beş sinif otağı inşa edilmişdir. Hətta sinif çatışmazlığı olduğundan məktəbə yaxın olan 4–5 evdə də (Mustafanın, İbrahimin, Məhərrəmin) dərslər keçirilmişdir. Məktəbdə Bərdə rayonunun Şatırlı, Kürdborakı, Çəmənli, İmamqulubəyli, Zümürxan eləcə də Tərtər çayının sağ sahilində yerləşən Qasımbəyli, Körpüqıran, Muğanlı kəndlərindən Tərtər rayonunun isə Sarıcalı, Kürdlər həmçinin Ağdam rayonunun kəndlərindən məktəblilər tam orta təhsil almışlar. Məktəb regionda yaxşı məktəb kimi ad-san çıxarmışdır. Beləki məktəbdə digər rayonların məktəbliləri ilə yanaşı Göyçə mahalının Daşkənd, AşağıYuxarı Şorca kəndlərindən də uşaqlar gələrək təhsil almış, ali məktəblərə qəbul olmuşlar.

Yeni Daşkənd kəndində saz ilə yanaşı, həmişə el məclislərində zurna da mühüm yer tutmuşdur. Hətta toyların əsas aparıcısı, camaatın ən çox oynayıb, şənlik keçirdiyi zurna olardı. Zurnaçı dəstəsində üç musiqiçi olurdu. Zurnaçı, zuyçu və nağaraçılardan Məcid, Tapdıq, Zamaxan, Əjdər, Fərman, Xasay və b. kənddə fəaliyyət göstərmişlər. Zamaxan Qəhrəmanov regionda tanınmış mahir qara zurna ifaçısı olmuşdur.[28]

Aşıqlardan Aşıq Abbasəli Xəlilov, Aşıq Abbasəli Nəzərov, Aşıq Novruz, balabançı Əli, son zamanlar Aşıq Mehti və başqaları fəaliyyətləri ilə camaata xidmət etmişlər.[28]

Yeni Daşkənd kəndində zəngin ədəbi mühit formalaşmışdır. Heç şübhəsiz bu da kənddəki aşıqların, şairlərin, sinədəftər insanların çoxluğu, həmçinin kənd sakinlərinin əslən Göyçə mahalından olmaları ilə bağlıdır. Kənd sakinləri saza-sözə böyük dəyər veriblər. Kənddə 30-dan çox aşıq və şair, onlarla incəsənət xadimi yetişmişdir.

Yeni Daşkənd ədəbi mühitinin nümayəndələrindən Sərraf Şiruyə öz əsrarəngiz yaradıcılığı ilə nəinki Azərbaycana, bütünlükdə türk dünyasına səs-soraq salmışdır. Qəmgin Fəzi, Xasay Hacıyev, İsrail Şairov, Aqil İman, Aqşin Hacızadə, Əli Məhərrəmov, Cahad Nəzərov, Qılman İman və başqaları da kəndin tanınan imzalarındandır.

Kəndin şair və aşıqları haqqında 2008-ci ildə Folklor İnstitutu elmi şurasının qərarı ilə 416 səhifəlik "Daşkənd aşıqları və şairləri" adlı kitab çap olunmuşdur. Kitabda Yeni Daşkənd ədəbi mühitinin nümayəndələri haqqında geniş yazılmış, yaradıcılıq nümunələri verilmişdir.

2009–2010-cu illərdə Azərbaycan Kənd İnvestisiya Layihəsinin "Şimal-Qərb" icma layihələri çərçivəsində kənd yollarının 13 km-i bərpa edilmişdir.[29]

Həmin illərdə ABŞ səfirliyinin dəstəyi ilə kənd camaatının su problemi qismən həll edilmiş, Piriyev Fəzair Məzahim oglunun dəvəti ilə iki dəfə ABŞ səfiri Robert Sekuta kənddə olmuşdur.

2015-ci ildə prezident İlham Əliyev on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd–Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalamışdır.[30] Açılış mərasimində prezidentin də iştirak etdiyi, hərəkət hissəsinin eni 6 metr olan iki hərəkət zolaqlı bu yol 2018-ci ildə istifadəyə verilmişdir.[31]

Kəndin iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, bostançılıq, heyvandarlıqbaramaçılıq aparıcı rol oynayır.[3] Əsas kənd-təsərrüfat bitkiləri pambıq, taxıl, kartof, soğan, günəbaxan, çuğundurqarğıdalıdır.[32]

Kənddə 1998-ci ilədək "Yeni həyat" kolxozu olmuşdur. 1955-ci ildə yaradılmış bu təşkilat Yeni Daşkənd, Zümürxaç, İmamqulubəyli və Dilənçilər kəndlərini əhatə edirdi. Kolxozun idarə heyətinin binası, maşın–traktor parkı Yeni Daşkənddə, mal-qara ferması isə İmamqulubəylidə yerləşirdi.[33]

2018-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə icra etdiyi layihə çərçivəsində kəndin 40 sot sahəsində istixana yaradılıb.[34]

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
Bərdə-Tərtər yolu üzərindəki Yeni Daşkənd kəndinin girişindəki Şəlalə kompleksi

1982-ci ildə Yeni Daşkənd kəndinin girişində "Şəlalə kompleksi" tikilmişdir. Tikili 1981-ci ildə "Yeni Həyat" kolxozunun sədri seçilmiş Qiyas Kərimovun və mühəndis Yaqub Hacıyevin təşəbbüsü sayəsində ərsəyə gəlmişdir. Şəlalə Bərdə-Tərtər yolu üzərində yerləşir və yoldan ötən yolçuların dayanacaq, su içmək, əl-üz yumaq üçün qısamüddətli bir istirahət yeridir.

Kənddə görməli yerlərdən biri də qədim çinarlardır. Kənd 1953-cü ildə yaradılarkən əhali həmin çinarların kölgəsində yerləşdirilmişdir. Tarixi dəqiq məlum olmasada çinarlar göz oxşayır.

Kənddə İkinci Dünya müharibəsində[3]İkinci Qarabağ müharibəsində həlak olmuş kənd sakinlərinin xatirəsinə abidə qoyulmuşdur.[35]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. İnzibati-ərazi vahidləri (PDF) (az.). səh. 61. 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-03-10.
  3. 1 2 3 4 5 6 Јени Дашкәнд // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 110.
  4. "Bərdə rayonunun Tərtər çayı hövzəsində yerləşən yaşayış məntəqəsinin siyahısı". 2014-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-15.
  5. Yaquboğlu, 2023. səh. 67–68
  6. AMEA Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti (az.). II. Bakı: Şərq-Qərb. 2007. səh. 275. ISBN 978-9952-34-156-0. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-02.
  7. Zubok, 2007. səh. 58
  8. Paşayev, 1995. səh. 4
  9. Qurbanlı, 2018. səh. 18-20
  10. Həsənli, 2005. səh. 503
  11. Saparov, 2003. səh. 187-188
  12. Qurbanlı, 2018. səh. 82
  13. 1 2 "Yeni Daşkənd kəndinin yaranmasının 70 illiyi qeyd olunub" (az.). kaspi.az. 22 may 2023. 3 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2023.
  14. 1 2 Yaquboğlu, 2023. səh. 64
  15. "Azərbaycan Milli Ensiklopediyası" (az.). 4 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2023.
  16. Yaquboğlu, 2023. səh. 71
  17. Vəliyev, Vəli. "Yeni Daşkənd kəndində görüş" (az.). Respublika qəzeti. 24 may 2023. 5 iyun 2023 tarixində arxivləşdirilib.
  18. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə.. Səda, 2000. S. 68.
  19. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild.. Səda, 2010. S. 77.
  20. Yaquboğlu, 2023. səh. 65
  21. Yaquboğlu, 2023. səh. 75
  22. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli 611 saylı Qərarı". 8 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 July 2012.
  23. Yaquboğlu, 2023. səh. 76
  24. "Yeni Daşkənd bələdiyyəsi haqqında qısa arayış" (PDF). 2016-03-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-10-16.
  25. "Aqşin ŞAHİNOĞLU. "Bərdə gündən-günə müasirləşir və inkişaf edir", "Yeni Azərbaycan" qəzeti, 2009–09–05". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-17.
  26. "Bərdə rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat". 2018-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-03.
  27. Bərdə Poçt Filialının Yeni Daşkənd kənd poçt şöbəsi
  28. 1 2 Yaquboğlu, 2023. səh. 132
  29. "Azərbaycan Kənd İnvestisiya Layihəsi: Şimal – Qərb". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-16.
  30. "Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 13 mart 2015. 2015-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
  31. "İlham Əliyev Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib" (az.). President.az. 25 mart 2018. 5 iyun 2023 tarixində arxivləşdirilib.
  32. Yaquboğlu, 2023. səh. 69
  33. Yaquboğlu, 2023. səh. 81
  34. "Bərdədə yeni istixana istifadəyə verilib" (az.). modern.az. 12 noyabr 2018. 5 iyun 2023 tarixində arxivləşdirilib.
  35. Yaquboğlu, 2023. səh. 101

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]