Daşkənd İnformasiya Texnologiyaları Universiteti
Daşkənd İnformasiya Texnologiyaları Universiteti (özb. Toshkent axborot texnologiyalari universiteti) — Özbəkistanın Daşkənd şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. Universitet telekommunikasiya və informasiya sistemləri sahəsində Mərkəzi Asiyada ən böyük ali təhsil müəssisəsidir.
== Tarixi və fəaliyyəti ==
2005-ci ildə "İnformasiya texnologiyaları sahəsində kadrların hazırlanmasının sisteminin təkmilləşdirilməsi Haqqında" Özbəkistan Respublikası Prezidentinin sərəncamına əsasən universitet informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mütəxəssislərin hazırlığı üzrə əsas ali məktəb elan edilib.
Universitetdə orta (2 lisey), bakalavriatura (25 istiqamət), magistratura (24 ixtisas), aspirantura və doktorantura təhsil pillələri üzrə tədris həyata keçirilir.
Professor-müəllim heyəti təqribən 400 insandan ibarət olan ali təhsil ocağında 4 akademik, 21 professor, 24 elmlər doktoru, 87 elmlər namizədi və dosent çalışır, 8500-dən çox tələbə universitetdə və filiallarda təhsil alırlar. Hazırda ali təhsil ocağında 28 kafedra və 37 tədris laboratoriyası, 10 tədqiqat laboratoriya və şəxsi şəbəkəyə malik, 18 mindən artıq müasir kompüterlərlə təchiz edilmiş kompüter mərkəzi, 20-dən çox multimedia sinifləri və 400 mindən kitabın daxil olduğu informasiya-resurs mərkəzi (kitabxana) fəaliyyət göstərir.
Son 10 il ərzində universitetdə köklü dəyişikliklər baş verib. Universitetin binası, auditoriyalar və kabinetlər, yataqxana əsaslı surətdə təmir edilib, yeni müasir tədris korpusu, 700 yerlik yeməkxana, eləcə də 400 nəfərlik idman kompleksi inşa edilib.
Universitetin 5 şəhərdə filialı fəaliyyət göstərir.