◊ Damağı çağ – bax damağı kök.
Damağı çağ olmaq – kefi kök olmaq, çox şad olmaq.
Damağı çatlamaq – nəşəyə gəlmək, ruhlanmaq, ruhu yüksəlmək.
Damağı çəkmək – ürəyi istəmək, kefi istəmək, kefinə gəlmək.
Damağı gəlmək – həvəsə gəlmək, həvəslənmək.
Damağı kök – kefi kök, kefi saz, şad, qayğısız.
Damağı qalxmaq – kefi kök olmaq, nəşələnmək, sevinmək, həvəsə gəlmək.
Damağı pozulmaq – kefi xarab olmaq, əhvalı pozulmaq, qanı qaralmaq.
Damağı sazlaşmaq – kefi açılmaq, könlü açılmaq.
Damağı yanmaq – arzusuna çatmamaq, məyus olmaq.
Damağına dəymək – toxunmaq, ürəyini sındırmaq, küsdürmək, pərt etmək, incik salmaq.
Damağını pozmaq – kefini xarab etmək, əhvalını pozmaq.
Damağını sallamaq – küsmək, pərt olmaq, narazı qalmaq.
Damaq qoymaq (etmək) – nəşəsini pozmaq, arzusunu (həsrətini) ürəyində qoymaq.
Damaq sallamaq – bikef olmaq, əhvalı olmamaq, dilxor olmaq; küsmək, incimək.
Damaq üstə (damaqda) olmaq – kefdə olmaq, kef çəkmək, xoş güzəran keçirmək.
Damaq vermək – ləzzət vermək, nəşə vermək, kef vermək, nəşələndirmək.
Damaqdan düşmək – ruhdan düşmək, kefi pozulmaq, pərt olmaq.
Damaqdan salmaq – pərt etmək, kefini pozmaq, ruhdan salmaq, qanını qaraltmaq.