f. 1. Sözlə ifadə etmək, bildirmək, anlatmaq, demək, söyləmək, nəql etmək. Ağır-ağır danışmaq. Düzünü danışmaq. Həyəcanla danışmaq. Danışa bilməmək. Əhvalatı danışmaq. Məsələni açıq danışmaq.
– [İkram] Səlimovun yanına gedib, əmisi haqqında bildiklərini ona danışmalı idi. Ə.Əbülhəsən.
Əbil çalışırdı ki, Dildar arvadın qəlbinə toxunan bir söz belə danışmasın. Ə.Vəliyev.
// Dinmək, söz söyləmək. Heç kəs danışmırdı.
– Bir-birimizin qorxusundan ağzımızı açıb danışa bilmirdik. M.S.Ordubadi.
Hakim müqəssirin yerindən danışmağına qəzəbləndi. Mir Cəlal.
2. Bir dildə fikrini yaxşı ifadə etməyi bacarmaq. Rusca yaxşı danışmaq.
3. Söhbət etmək.
Yenə o bağ olaydı; Yenə sizə gələydik; Danışaydıq, güləydik. M.Müşfiq.
[Sarıköynək] xəlvət qalın bir meşə içində bulunduğumuzu qətiyyən nəzərə almayaraq, sərbəstcəsinə danışır, məni məşğul edirdi. S.Hüseyn.
4. Fikir söyləmək, mühakimə yürütmək, müzakirə etmək. Bütün şəhər bu barədə danışır. Bu xüsusda hələ danışacağıq.
– Hər yerdə müharibə təhlükəsindən böyük bir nifrət və həyəcanla danışırlar. M.İbrahimov.
5. Çıxış etmək, nitq söyləmək. Atəşin danışmaq. Hərarətlə danışmaq.
– Səlim qızğın danışırdı. Ə.Vəliyev.
6. Qiymət haqqında bir qərara gəlmək, şərtləşmək; kirə etmək.
Faytonları danışdıq. M.S.Ordubadi.
Bu qoçular gedib, üç gecə oxumağa xanəndə danışarlar. R.Əfəndiyev.
7. Bəhs etmək, xəbər vermək, yazmaq.
On altıncı nömrəmizdə molla Tarqulunun siğə barəsində etdiyi vəzindən bir neçə söz danışmışıq. C.Məmmədquluzadə.