Daun sindromu
Daun sindromu (yaxud Trisomiya 21) - 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan sindrom. Ümumiyyətlə fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi və xarakterik üz xüsusiyyətləri ilə ortaya çıxır. Daun sindromlu bir yetkin gəncin orta intellekt əmsalı 50-dir, lakin bu göstərici fərqli də ola bilər. Sindroma səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyinə inanılır, çünki bu ehtimalı yüksəldəcək məlum olan ətraf mühit faktoru yoxdur.
Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına təpgisindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır.