Vu eksperimenti
Vu eksperimenti – 1956-cı ildə çinli amerikalı fizik Tsien-Şianq Vu tərəfindən ABŞ Milli Standartlar Bürosunun Aşağı Temperatur Qrupu ilə birgə həyata keçirilən zərrəciklər və nüvə fizikası təcrübəsi idi. Təcrübənin məqsədi elektromaqnit və güclü qarşılıqlı təsirlərdə müəyyən edilmiş paritetin (və ya cütlük) saxlanmasının zəif qarşılıqlı təsirlərə də tətbiq edilib-edilmədiyini müəyyən etmək idi. Əgər P-saxlanması doğru olsaydı, dünyanın güzgü versiyası özünü indiki dünyanın güzgüdəki əksi kimi aparardı. Əgər P-saxlanması pozulsaydı, onda dünyanın güzgü versiyası ilə indiki dünyanın güzgü görüntüsünü ayırd etmək mümkün olardı.
Təcrübə paritetin qorunmasının zəif qarşılıqlı təsirdə pozulduğunu, belə ki, insan bədəninə istinad etmədən sol və sağı operativ şəkildə müəyyən etməyə imkan verdiyini müəyyən etdi. Bu nəticəni pariteti qorunan kəmiyyət kimi qəbul edən fizika ictimaiyyəti gözləmirdi. Paritetin pozulması ideyasını irəli sürən və təcrübəni təklif edən nəzəri fiziklər Tsunq-Dao Li və Tsen-Ninq Yanq bu nəticəyə görə 1957-ci ildə Fizika üzrə Nobel mükafatını aldılar. Tsien-Şianq Vunun kəşfdəki rolu Nobel mükafatının qəbul nitqində qeyd edilsə də, o bu mükafata layiq görülmədi, lakin 1978-ci ilə Volf mükafatını qazandı.
1927-ci ildə Yucin Viqner paritetin qorunması prinsipini irəli sürdü, bu ideyaya görə, mövcud dünya və onun güzgü görüntüsü olan dünya eyni şəkildə davranmalıdır yeganə fərq ondandır ki, sol və sağ yer dəyişir (məsələn, saat əqrəbi istiqamətində fırlanan bir saatın güzgüdəki versiyası qurulsaydı, o saat əqrəbinin əksinə fırlanırdı).
Bu prinsip fiziklər tərəfindən geniş şəkildə qəbul edildi və P-saxlanması elektromaqnit və güclü qarşılıqlı təsirlərdə eksperimental olaraq təsdiqləndi.