DƏSUKİLƏR

sufi təriqətlərindən birinin ardıcıllarıdırlar. Onları bürhanilər də adlandırırlar. Təriqətin adı Bürhanəddin İbrahim ibn Əbu Məcd Dəsuki (676/1277 ildə vəfat etmişdir) ilə bağlıdır. Onun soyu Misirdən olmuş, uzun müddət orada Dəsuk kəndində yaşamışdır. Burada ilkin biliklərə sahiblənmiş, Quranı və Şafii fiqhini dərindən öyrənmişdir. Sonra o, təcrübəli mürşidlərinin başçılığı ilə sufi yolçuluğuna başlamış, tərkidünyalığı seçərək iyirmi il qapalı həyat sürmüşdür. Bundan sonra, aktiv olaraq öz təriqətinin yayılması üçün səylər göstərmişdir. Dəsuki təriqəti Misir, Sudan, Şimali Afrikada geniş yayılmışdır. Misirdə dəsukilər davamçılarının sayına görə Şazili və Bədəvi təriqətlərindən sonra üçüncüdür. Bu təriqətin rifailər, sührəvərdilər və şazililərlə müəyyən bənzərlikləri vardır. Bəzən dəsukiləri bədəvi təriqətinin bir qolu da hesab edirlər. Dəsukilərin zikri səsli yerinə yetirilir (cəhridir). Davamçılarının ən başlıca vəzifəsi yüksək əxlaqa çatmaq, təriqətə bağlı olmaq, öz mənfi xüsusiyyətləri ilə mübarizə apararaq və onlar üzərində qələbə qazanmaqdır. İlk zamanlar təriqət davamçıları səmalar zamanı vəcd halına girmək üçün məclislərdə musiqi səsləndirib, qəzəllər oxuyurdular. Ancaq sonra onlar məclislərində məvləlivilər kimi səmalar keçirməyə başlamışdır. Dəsuki sufiləri yaşıl libaslar geyinərdilər. Təriqətin şərnubitilər, aşurilər və süyutilər kimi bir neçə qolları da vardır.
DƏSUKİ BÜRHANƏDDİN
DİHYƏ İBN XƏLİFƏ