Revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1–5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir.
KRQ — A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır.
‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur.
KRQ — miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir."
Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou (1538 −1616) dur.
Thomas Sydenham (1624–1668) 1686-cı ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir.
Charles Wells 1812-ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir.
18-ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760-cı illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778-ci ildə bunu nəşr etdirmişdir.