Qarağacyarpaq evkommiya
Cənubi Amerikada təbii halda bitir.
Hündürlüyü 20 m-ə çatan ağac olub, yumurtavari çətirə malikdir. Gövdəsinin qabığı qəhvəyi-boz rəngdə, uzununa çatlıdır. Zoğları çılpaq, açıq və ya sarımtıl-qonur rəngdədir. Tumurcuqları iti uclu yumurtavarı olub, qonur pulcuqlarla örtülmüşdür. Yarpaqları qışda töküləndir, 7-24 sm uzunluqda və 2,5-7 sm enində olub, sadə, növbəli düzülüşlü, uzunsov yumurtavarı və ya uzun ellipsvarı, ucu iti, qaidəsi dairəvi və ya enli tacvarıdır, kənarları xırda mişardişlidir. Yarpaq saplağı çılpaq, 1,5-2,5 sm uzunluqdadır. Çiçəkləri əsasən ikievlidir. Bəzi hallarda şəraitdən asılı olaraq, erkəkçiçəkli ağacların üzərində az miqdarda dişi çiçəklərə də təsadüf olunur. 5-6 yaşında, aprel ayında çiçəkləyir.