Ajuga genevensis var. foliosa
Cenevrə dirçəyi (lat. Ajuga genevensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
Çoxillikdir. Gövdəsi düz, 15-40 (60) sm hündürlükdə, hər tərəfi xovlu-tüklü, sadədir. Yarpaqları hər iki tərəfdən tüklü, kökətrafı yarpaqlar uzunsov-belvari, tərsyumurtavari və ya belvari-tərsyumurtavari, iri dairəvi dişli, saplağa daralan, çiçək əmələ gələnə yaxın quruyan, aşağı və orta yarpaqlar adətən uzunsov, yuxarı yarısında dairəvi-dişli, qaidə hissəsinə doğru pazvari daralan, oturaq; sonuncu yarpaqlar yumurtavari, üç bölümlü və ya üç dişlidir. Çiçəkləri 4-6 (8) sayda çiçək köbələrində, gövdənin uc hissəsində sünbülşəkilli çiçəkqrupunda toplanandır. Tac mavi, bəzən ağ və ya çəhrayıtəhər rənglidir. Fındıqcalar dəyirmi və torvari-qırışlıdır.
== Yayılması ==
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin, Samur-Dəvəçi ovalığının, Qobustanın rayonlarında arandan orta, nadir hallarda yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, çay kənarı, talalarda, bağçalarda, əkin sahələrində, suvarma kanalları boyunca, alaqlı yerlərdə bitir.