Garabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.
Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.