Karl Adolf Gellerup
Karl Adolf Gellerup (dan. Karl Adolph Gjellerup; 2 iyun 1857[…] – 11 oktyabr 1919[…]) — danimarkalı şair və yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917). Bəzi əsərlərini "Epiqonos" təxəllüsü ilə çap etdirib.
== Həyatı ==
Həmvətəni Henrik Pontoppidanla 1917-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatını bölüşən Karl Gellerup lüteran keşişi ailəsində doğulmuşdu. Üç yaşında atasını itirdiyindən ana qohumu, ruhani, teoloq və şair Yuhans Fibigerin evində böyümüş, onun nüfuz və təsirini öz üzərində hiss etmişdi. Yaradıcılığa məktəb illərində başlamışdı. 17 yaşında ikən antik ədəbiyyatın təsiri altında "Afrikalı Stsipion" və "Armini" dramlarını yazmışdı. Lakin sonralar bəlli səbəblərdən bu ilk qələm təcrübələrinin çapı haqqında düşünməmişdi.
Təhsilini Kopenhagen universitetinin ilahiyyat fakültəsində almışdı. Burada ilk dəfə Darvin təlimi və Georq Brandesin radikal ədəbiyyat nəzəriyyələri ilə tanış olmuşdu.