Alban güləbətini
Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.