Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən.
== Həyatı ==
Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır.
Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır.
"Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında xidmətləri olan din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. O dövürdə mollalar istəmirdi ki, camaat "Qurani-Kərim"i dərindən mənimsəsinlər.