Halofitlər
Halofitlər — duzlu bitmə şəraitinə, xlorlu və kükürdlü duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə uyğunlaşmış bitkilər. Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq çoğanı, qaraşoran, bir sıra şorangələr və s.) olub səhra və yarımsəhralarda qrunt
suyu səthə yaxın yerləşən şoran torpaqlarda bitir. Digər hissəsi sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir qədər dərində yerləşən sahələrdə bitən bitkilərdir (məs. sirkən bitkisinin bəzi növləri), bunlar hüceyrə şirəsində karbohidratlar toplayır.
Bəzi halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq hüceyrə
şirəsinin osmotik qatılığını tənzim edir (Yulğun, dəvəayağı). Bütün halofitlər torpaq duzluluğunun dərəcəsini göstərən indiqatorlar hesab edilir. Bir çox halofitlər (sirkən növləri, şorangələr, yulğun) yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir.