Mübahisələrin alternativ həlli
Mübahisələrin alternativ həlli — razılığa gələ bilməyən tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli prosesi və texnikası; üçüncü tərəfin köməyi ilə mübahisənin həll üsullarının məcmusu.
Əksər məşhur mübahisə tərəfləri və onların vəkillərinin mübahisənin alternativ həllinə qarşı mübarizə aparmaqlarına baxmayaraq, yeni həll üsulları son zamanlar həm ictimaiyyət, həm də hüquqşünaslar tərəfindən qəbul edilmişdir. Əslində bəzi məhkəmələr tərəflərdən məhkəməyə gəlməzdən öncə mübahisələrin alternativ həlli üsullarına, xüsusən də mediasiyaya müraciət etmələrini tələb edirlər.
Mübahisələrin alternativ həlli üsullarının bu qədər məşhurlaşmasının səbəbi ənənəvi məhkəmələrin iş yükünün artması, məhkəmələrlə müqayisədə xərclərin az olması, konfidensiallığın daha çox qorunması və tərəflərin qərar qəbul edəcək şəxsin və ya şəxslərin seçiminə nəzarət etmək imkanlarının olması ilə əlaqədardır. Bəzi yurisdiksiyalarda, xüsusilə də İngiltərə və Uelsdə yuxarı instansiya məhkəmələri mübahisənin həlli üçün mediasiyadan istifadəni tamamilə dəstəkləyirlər.
Mübahisələrin alternativ həlli adətən ən az dörd tipə bölünür: müzakirələr, mediasiya, əməkdaşlıq hüququ və arbitraj. Bəzən uzlaşdırma da beşinci kateqoriya hesab edilsə də, onu mediasiyanın bir forması da hesab etmək olar. Mübahisələrin alternativ həlli şəriət məhkəmələri, ümumi hüquq sistemi kimi mövcud hüquq sistemləri ilə yanaşı istifadə oluna bilər.
Mübahisələrin alternativ həlli iki tipdə ola bilər. Birinci halda mübahisələrin alternativ həlli üsulları mövcud qanunvericilikdəki mexanizmlərdən irəli gəlir.