İç Kartli
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır.
Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir:
Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır
Xaşuri bələdiyyəsi
Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır
Kaspi bələdiyyəsi
Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır
Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi.
Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.