O olmasın, bu olsun (operetta)
"O olmasın, bu olsun" (azərb-kiril. О олмасын, бу олсун, az.-əski. او اولماسین بو اولسون), həmçinin "Məşədi İbad" (azərb-kiril. Мәшәди Ибад, az.-əski. مشهدی ایباد; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir.
Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır.
Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir.