İBADİLƏR
xaricilərin ən mötədil qolunun davamçılarıdırlar. İbadiliyin adı 65/684-cü ildə Əməvilərə qarşı üsyan etməkdən çəkinmiş Abdullah ibn İbadla bağlıdır. Onların dünyagörüşü digər müsəlman məzhəblərinin dünyagörüşlərinə bənzərdir. Buna görə də ibadilər məzhəb olaraq formalaşmış və bu gün də onun mənsubları Afrikanın və Ərəbistan yarımadasının ayrı-ayrı yerlərində yaşayırlar. Başqa xarici qollarından fərqli olaraq ibadilər öz təlimlərinin nəzəri əsaslarını yarada bilmişdirlər.
Onların hüquqi metodları, etiqadi inancları, yazılı ədəbiyyatı vardır. İbadilərə görə onlara qarşı çıxan müsəlmanlar nə inanclı, nə də inancsızdırlar. Onların baxışları ilə bölüşməyən müsəlmanlar öldürülməməlidirlər.
Bundan başqa ibadilərə qarşı olanların yaşadıqları yerlər də müsəlman torpaqları hesab olunur. Ancaq onlara qarşı silah qaldıranları onlar müsəlman saymır; onların yerləşdikləri yerlər də İslam torpaqları hesab edilmir. Döyüşlərin gedişində onlar başqa müsəlmanlardan qənimət kimi yalnız atları, silahları, ordu sursatları alırdılar, başqa şeylərə toxunmurdular.
İbadilər başqa müsəlmanlarla ailə də qura bilərlər, onların məhkəmələrinə şahid kimi gəlməsinə də yol verirlər. İbadilər İslam tarixi boyu bir necə dövlət də qurmuşdurlar.
II/VIII əsrdə Şimali Afrikada (Məğribdə) olmuş Rüstəmilər əmirliyi, günümüzdə isə Ərəbistan yarımadasının Qərbində yerləşən Ümman sultanlığı ibadilərin yaratdıqları ölkələrdir.