İDƏYN

İslamda qeyd edilən qurban və oruc bayramlarıdır. Bu bayramların qeyd edilmə adəti Məhəmməd peyğəmbərin dövründən başlamış, bu günə qədər davam etməkdədir. Hər iki bayramların birinci günlərində sübh namazından sonra bayram namazları qılınır. Hədislərə görə Məhəmməd peyğəmbər, Mədinəyə hicrət etdikdə orada mədinəlilər iki bütpərəst bayramlarını qeyd edirdilər. O da bu bayramları qurban və oruc bayramları ilə əvəz etmişdir. Qurban bayramı hər il Zülhiccə ayının 10-dan başlayaraq üç gün qeyd edilir. Bu bayram İbrahim peyğəmbərin verdiyi əhdə görə oğlu İsmaili Allaha qurban vermə istəyi ilə bağlıdır. Ancaq son anda Allah onun yerinə mələklə göndərdiyi qoçun qurban kəsilməsini buyurmuşdur. Bayram günləri varlı müsəlmanlar qurbanlar kəsərək yoxsullarla paylaşırlar. Oruc bayramı isə Şəvval ayının 1-də, Ramazan ayında orucluğun bitməsi münasibəti ilə üç gün ərzində qeyd edilir. Bu bayramlara müsəlmanlar böyük həvəslə hazırlaşırlar. Bayram günləri müsəlmanlar sevinərək sədəqə və ehsanlar verir, bir-birlərini bayramla əlaqədar təbrik edirlər. İslam ölkələrində bayram günləri iş günləri hesab edilmir. Bayramların birinci günündə sübh namazından sonra müsəlmanlar məscidlərdə bayram namazlarını qılırlar. Bayram namazları iki rükət olur. Cümə xütbələrindən fərqli olaraq bayram xütbələri namazlardan öncə deyil, sonra oxunur. Bayram namazlarına qatılmaq müsəlmanlar üçün vacib olmasa da, çox savab əməl hesab edilir.
İDDƏ
İDRİS