İkimərtəbəli karvansaray (Bakı)
İkimərtəbəli karvansara və ya Qasım bəy karvansarası — İçərişəhərdə yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Bəzi mənbələrə görə karvansara XV əsrdə şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilmişdir. Bakı xanlığının Rusiya imperiyasının tərkibinə qatılmasından sonra, karvansara, Bakı bəylərindən Qasım bəy və onun varislərinin istifadəsinə verilmişdir.
Həm memarlıq-planlaşdırma, həm də konstruktiv baxımdan İkimərtəbəli karvansara Azərbaycan karvansaralarının bir çoxu üçün xarakterik olan xüsusiyyətləri daşıyır. Karvansara Qız qalasının cənub-şərqində, Müqəddəs Varvara erməni kilsəsinin yanında, qədim Bakının ticarət küçəsində yerləşir. Karvansara, düzbucaqlı planının qarşı tərəflərində yerləən iki qapıya malikdir. Karvansaranın birinci mərtəbəsinin mərkəzində açıq həyət yerləşir. Həyət boyunca çoxlu sayda otaqlar yerləşir. Otaqların yan divarları qabağa çıxaraq, yanlardan qapalı olan kiçik eyvanlar formalaşdırır. İkinci mərtəbədə otaqların düzülüş və formaları birinci mərtəbənin planlaşdırmasını təkrarlayır.