İnfraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir.
Hələ 1882–1900-cü illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır.
Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur.
Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir.
İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.