Səhifə ər-Rza
Səhifə ər-Rza (ərəb. صَّحِيفَة ٱلرِّضَا, ; hərf. Rzanın səhifələri), həmçinin Səhifət əl-İmam ər-Rza ("İmam Rzanın səhifələri") — səkkizinci şiə imamı Əli ibn Musa ər-Rzaya aid edilən və 240 hədisdən ibarət toplu.
"Rzanın səhifələri" şiə inancının əsas mənbələrindən biridir və İbn Bəbaveyhi və Şeyx Təbərsi kimi şiə alimlərinin diqqətini cəlb etmişdir. Burada müxtəlif mövzularda, o cümlədən Allaha dua. gündə beş vaxt namaz qılmağın və ölülər üçün dua oxumağın əhəmiyyəti, Məhəmmədin əhli-beytinin, möminin, ədəbin, Məhəmməd və Əhməd adlarının, müxtəlif yeməklərin, meyvələrin və məlhəmlərin, ata-anaya sədaqətin, qohumluq əlaqələrinin möhkəmlənməsinin və cihadın fəziləti, fırıldaq, qeybət və ya söz-söhbətə qarşı xəbərdarlıq və digər müxtəlif adət-ənənələr haqqında hədislər var. Məhəmmədin əhli-beytinə aid bölmədə onun on dörd üzvünün hər biri ayrı-ayrılıqda müzakirə edilir.
Kitabın ilk dəfə Abdullah ibn Əhməd ibn Əmir tərəfindən yazıldığı iddia edilmişdir. O, kitabın məzmununu atası Əhməd ibn Əmirdən, Əhməd ibn Əmir isə öz növbəsində 809–810-cu illərdə ildə Mədinədə Əli ər-Rzadan eşitdiyini söyləmişdir. Abdullah ibn Əhməd ibn Əmir sonradan mühüm şiə alimlərindən biri olan Nəcaşi tərəfindən etibarlı hədis ravisi kimi tanınmışdır.
1921–1922-ci illərdə "əl-Mahid" nəşriyyatı tərəfindən Qahirədə çap olunmuş versiya bu müəlliflik zənciri ilə başlayır: Əllamə Əbdülvasi, Şeyx Əbdülvasi, İmam Qasim ibn Məhəmməd, Şeyx Seyid Əmirəddin ibn Abdullah, Seyid Əhməd ibn Əbdüllahir, İmam Mütəhhər ibn Məhəmməd ibn Süleyman, İmam Mehdi Əhməd ibn Yəhya, Süleyman ibn İbrahim ibn Ömər Ələvi, atası İbrahim, Rizaəddin İbrahim ibn Məhəmməd Təbərni Təbrizi, Hafiz İbn Əsəkir, Zahir Sincani, Hafiz Beyhəqi, Əbulqasim Müfəssir, İbrahim ibn Xurə, Əbulqasim Abdullah ibn Əhməd ibn Əmirəltayi, Əli Rza, atası Musa, atası Cəfər, atası Məhəmməd, atası Əli, atası Hüseyn, atası Əli ibn Əbu Talib.