İshaq İbrahimov
İbrahimov İshaq İbrahim oğlu (21 fevral 1921, Bakı – 5 iyul 1987, Bakı) — tərcüməçi, tənqidçi, ssenarist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi (1979).
İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi.
Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984).