İslamiyyət
İslam (ərəb. الإسلام, əl-'islām), hərfi tərcümə: "Tanrının iradəsinə") — Quran və dinin banisi Məhəmmədin təlimlərinə əsaslanan ibrahimi monoteist dinlərdən biri. Dünya üzrə təxminən 2 milyard sayda olan və xristianlardan sonra dünyanın ən böyük ikinci dini əhalisi olan islam tərəfdarlarına müsəlmən deyilir.
"İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:
sülh (salam da bu kökdəndir);
boyun əymək, itaət etmək (Allaha təslim olmaq).
İslam tək olan Allaha (ərəb. الله) itaət etmək deməkdir.
İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır.
Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.