İSNA-ƏŞƏRİLƏR

oniki-imamçılar; mənsublarının sayına görə ən çox yayılmış şiə məzhəbidir. Oniki-imamçıların baxışlarına görə Məhəmməd peyğəmbərin vəfatından sonra Allahın nazil etdiyi vəhylər kəsilmişdir. Ancaq bundan sonra cəmiyyətdə Tanrı qanunlarının tətbiq edilməsinin vacibliyi ortaya çıxmışdır. Bu vəzifəni də Əli ibn Əbu Talibin soyundan olan imamlar öz üzərinə götürmüşdürlər. İmamət peyğəmbərlik kimi Allahın müsəlmanlara verdiyi böyük bir üstünlükdür. İsna-əşərilikdə Allahın buyruğunu yerinə yetirən imam eyni zamanda müsəlmanlara İslamı öyrədən müəllimdir. Onların inancına görə imamlar da peyğəmbərlər kimi məsumdurlar. İsna-əşərilikdə imam kimi qəbul edilən imamlar bunlardır: 1. Əli ibn Əbu Talib; 2. Həsən ibn Əli Zəki; 3. Hüseyn ibn Əli Şəhid; 4. Əli ibn Hüseyn Səccad; 5. Məhəmməd ibn Əli Bagir; 6. Cəfər Məhəmməd ibn Sadiq; 7. Musa Cəfər ibn Kazim; 8. Əli ibn Musa Rıza; 9. Məhəmməd ibn Əli Cavad; 10. Əli ibn Məhəmməd Hadi; 11. Həsən ibn Əli Əsgəri; 12. Məhəmməd ibn Həsən. Bu imamlardan başqa Məhəmməd peyğəmbərin qızı Fatimə də yüksək məqamda dəyərləndirilir. Onların hər biri günahsızdırlar (məsum). Şiələr imamların hər bir sözünü, eləcə də göstərişlərini həqiqət hesab edirlər. Onların göstərişlərini yerinə yetirmək Allahın hökmlərini icra etməkdir. Onlara qarşı üsyan isə Allaha qarşı üsyandır. Şiəliyin başqa qollarında olduğu kimi isnaəşərilikdə də qeybdə olan imama etiqad etmək vacibdir. Bu da onikinci imam Məhəmməd ibn Həsəndir. Onlar onu Mehdi adlandırırlar. O, şiələrə qeybdən imamlıq edir. Şiələrin vəzifəsi öz zamanının imamına bağlanmaqdır. Mehdi Allahın buyurduğu zamanda qeybdən zühur edərək şiələr üzərində imamlığını davam və ədaləti və doğru yolu bərpa edəcəkdir. Şiə mənbələrinə görə Mehdi təxminən hicrətin 255-ci ilində dünyaya gəlmişdir. Həyatı təhlükə altında olduğu üçün o, açıq olaraq xalqın qarşısına çıxmamış, göstərişlərini yalnız xüsusi nümayəndələrinin vasitəsi ilə camaata çatdırmışdır. İmamın qeyb dövrü də ikiyə bölünür. 70 il (260 – 329) davam edən “Kiçik qeyb” dövründə imam Mehdi nümayəndələri vasitəsi ilə xalqla əlaqə saxlamışdır. 329-cu ildən sonra “Böyük qeyb” dövrü başlamış və bu günə kimi davam etməkdədir. Digər şiələr kimi Oniki-imamçılar da Raşidi xəlifələr olmuş Əbu Bəkr, Ömər və Osmanı qəbul etmir, yalnız peyğəmbərin seçilmiş əhli-beytini müsəlmanların imamı və başçısı kimi qəbul edirlər. Onlar hesab edir ki, Əli ibn Əbu Talib peyğəmbərin bütün səhabələrinin arasında ən yüksək, ən seçilmiş bir kəs olmuşdur. İsna-əşərilikdə hamı üçün vacib olan inancın əsasları vardır. Onlar “Üsulid-Din” (Dinin əsasları) adlanır. Üsuliddin beşdir: 1. Allahın birliyinə inanc (Tövhid); 2. Allahın ədalətli olmasına inanc (Ədl); 3. Bütün peygəmbərlərə inanc (Nübuvvət); 4. Qiyamət gününə inanc (Məad). 5. İmamlara inanc (İmamət). Dinin praktik icrası baxımından da isnaəşəriliyin “Füruid-Din” (Dinin şərtləri) adlanan vacib müddəaları vardır: 1. Gundə beş dəfə qılınan namaz; 2. Ramazan ayında tutulan oruc; 3. Zəkatın verilməsi; 4. Xümsun verilməsi; 5. Həyatda heç olmasa bir kərə edilən həcc səfəri; 6. Allah yolunda edilən cihad; 7. İnsanları yaxşı işlərə çağırmaq (Əmri bil-Məruf); 8. İnsanları pis əməllərdən çəkindirmək (Nəhy ənil-Münkər); 9. Allahın səhabələri ilə dostluq etmək (Təvəlla); 10. Allahın düşmənləri ilə düşmən olmaq (Təbərra). Fiqhdə isna-əşərilər Cəfəri məzhəbinin davamçılarıdırlar. Onlar müsəlman dünyasının bütün bölgələrində yaşayırlar. Ancaq isna-əşərilər sayca Livanda, İranda, İraqda və Azərbaycanda daha çoxdurlar.
İSMAİLİLƏR
İSRA VƏ MERAC
OBASTAN VİKİ
İsna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Əşərilər
Əşərilik - İslamda etiqadi məzhəblərindən biri. Məzhəbin banisi Əbül-Həsən Əşari (873-936) İslam ictimai, hüquqi və fəlsəfi fikir tarixinin görkəmli nümayəndələrindən biri olmuşdur. Bəsrədə yaşayıb-yaratmış, Bağdadda isə vəfat etmişdir. Əşarinin kəlam elmindəki yolu ilk sxolastiklər (kəlamçılar) - mötəzililərin məktəbindən başlamışdır. O, qırx yaşınadək Mötəzilə kəlamçısı Əbu Əli əl-Cubbainin tələbəsi olmuş və bu məzhəbin nümayəndəsi kimi tanınmışdır. Sonralar Mötəzilikdən ayrılıb, Əhməd ibn Hənbəlin yolunu tutan "Əhli-hədis" zümrəsinə qatılmışdır. Əşari, Əhli-hədis və Əhli-sünnətə müxalif olanlarla güclü elmi mübahisə aparmışdır. Dini-nəzəri baxışları qısa zamanda İraq, Suriya, Misir, və Məğribdə geniş yayılmışdır. Əşari ancaq Quran, sünnə və Həzrət Peyğəmbərin səhabələrindən, onların ardıcılları olmuş sonrakı nəsillərdən (tabiyunlardan) dövrünədək gəlib çatmış ənənəvi dünyagörüşü dəstəkləmişdir. O, Həzrət Peyğəmbərdən nəql olunan bütün hədisləri qəbul edərək, onların bir (əhəd), yaxud çox (mütəvatir) adamlar tərəfindən rəvayət edilməsinə fərq qoymurdu.