Optik lif
Fiber-optik və ya optik lif — şüşə və ya plastikin çəkilməsi (həmçinin ekstruziyası) üsuluyla əldə edilən, diametrcə insan tükündən bir qədər qalın əyilgən, şəffaf lif. Optik liflər elektrik kabellərinə nəzərən daha böyük ötürmə sürətinə malik olur ki, bu da verilənləri geniş buraxılış zolağında çox uzaq məsafələrə ötürməyə imkan verir.
Burada liflər metal məftilləri əvəz edir, çünki onlar siqnalları daha az itki ilə ötürür; bundan başqa liflər elektromaqnit maneələrinə qarşı dözümlüdür, amma metal məftillər üçün vəziyyət tam əksinədir. Həmçinin, liflər dəst şəklində bağlanılır və beləliklə fiberskopa oxşar olaraq burada da işıq və ya təsvir bir yerdən başqa yerə ötürülür. Xüsusi olaraq hazırlanmış liflər müxtəlif tətbiqlər üçün istifadə olunur, bunlardan bəziləri lifli optik sensorlar və lifli lazerlərdir.
Adətən, optik liflər sındırma əmsalı lif maddəsinin sındırma əmsalından kiçik olan örtük materialı ilə əhatə olunmuş nüvədən ibarət olur. İşıq lifin nüvəsi daxilində dalğaötürənlərin iş prinsipinə oxşar şəkildə yayılır. Çoxlu yayılma yollarını və ya eninə modları dəstəkləyən liflər çoxmodlu (multimod) liflər, bir modu dəstəkləyənlər isə birmodlu (monomod) liflər adlanır. Ümumiyyətlə, çoxmodlu liflərin nüvəsi daha böyükdür və onlar rabitədə böyük gücləri qısa məsafələrə ötürmək üçün tətbiq olunur. 1000 metrdən (3300 fut) uzun olan əksər kommunikasiya əlaqələri üçün təkmodlu liflərdən istifadə olunur.