Kriminologiya
Kriminologiya ("cinayət" haqqında elm, lat. crimen — cinayət və q.yun. λογος — öyrənmək sözlərindən yaranmışdır) — individual və cəmiyyət səviyyəsində cinayətin səbəblərini, nəticəsini, dərəcəsini və onun həll yollarını öyrənən humanitar elmdir.
== Tarixi ==
Kriminologiya sözünün özü isə 1885-ci ildə italyan hüquq professoru *Raffaele Garofalo tərəfindən yaradılıb. Kriminologiya elmi ayrıca elm kimi mövcud olsa və tədris edilsə də, inkişaf etmiş ölkələrin ali tədris və təhsil müəssisələrində sosiologiya elminin bir qolu kimi də tədris olunur. Təsadüfi deyil ki, bir çox sosioloqlar kriminoloji mövzular barədə də genişmiqyaslı tədqiqatlar aparır və bu barədə dərs deyir. Kriminologiya elminin özü isə müxtəlif sahələrin nümayəndələrinin apardığı tədqiqatları da özündə cəmləşdirir. Bu digər sahələrə əsasən sosiologiya, psixologiya və davranış elmlərinin tədqiqatları aiddir. Məhz bu səbəbə görə də kriminologiya multi-dissiplin elm adlanır. Həqiqətən də, cinayəti və onun növlərini, nəticələrini və cinayətə qarşı aparılan mübarizəni, habelə cinayət məsələsi ilə məşğul sosial və leqal institutları öyrənmək və onları tam dərk etmək üçün təkcə sosiologiya və kriminologiya yox, qanunvericilik, hüquq, təşkilati davranış, sahibkarlıq, tarix və coğrafiya və digər bənzər sahələri az da olsa öyrənmək gərəkdir.