LEGİTİMASİYA
(latın legitimus-qanuni, qanuniləşdirilmiş)
(qanuniləşdirmə, de-faktonu-de-yureyə çevirmə)
subyektin və ya aktın səlahiyyətli və ya qanuni olmasını qəbul etmə (etdirmə) təsdiqləmə; ictimai-siyasi və hüquqi münasibətlərin bütün subyektləri tərəfindən vahid şərtlərin, vahid “oyun qaydalarının” qəbul edilməsinə yönəlmiş fəaliyyət (bu fəaliyyət adətən qanuni, ədalətli üsul və vasitələrlə həyata keçirilir, lakin bəzi hallarda L. qanunsuz, ədalətsiz üsul və vasitələrlə həyata keçirilir, misal: rüşvət, şantaj, təzyiq və s.): 1. pasport sistemi olmayan dövlətlərdə vətəndaşın şəxsiyyətini təsdiq etmə forması. Səlahiyyətli hakimiyyət orqanının tələbi ilə vətəndaşın şəxsiyyətini təsdiq edən sənədlərin təqdim etməsindən ibarətdir; 2. mülki hüquqda vətəndaşın müəyyən hüquqi hərəkətləri həyata keçirmək hüququnun sübutu; 3. hakimiyyət L.-sı – mürəkkəb siyasi-hüquqi proseslərin nəticəsində dövlətin legitim hakimiyyəti (və müvafiq qanunvericilik sistemi) olmadıqda müəyyən siyasi qüvvələrin (misal: “qeyri-legitim hakimiyyətin”, “marionet hakimiyyətin”, idarəetmə imkanları məhdud olan (və yaxud heç olmayan) qanuni legitim hakimiyyətin və yaxud, digər siyasi qüvvələrin) öz hakimiyyətini (müvafiq hüquqi aktlarını) həm dövlətdaxili həm də beynəlxalq ictimaiyyət qarşısında məhz özünün “legal hakimiyyət” olduğunu isbat və təsdiq etməsinə yönəlmiş ictimai-siyasi, hüquqi fəaliyyət; 4. bax həmçinin leqalizasiya, naturalizasiya.