Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-da lobbiçilik cəhdləri
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri — Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə özünə tərəfdaş toplaması, ABŞ-la yaxınlaşmaq və beynəlxalq ictimamiyyət tərəfindən müstəqil dövlət kimi tanınmaq üçün etdiyi cəhdlərdən biri. Ən mühüm məqsədlərdən biri isə dövlət müstəqilliyinin ABŞ tərəfindən tanınmasına nail olmaq idi.
Azərbaycan Respublikası və onun Parisdə olan nümayəndələri ABŞ-la
iqtisadi və siyasi əlaqələr yaradılmasına, xüsusilə, Birləşmiş Ştatlar tərəfindən
tanınmağa böyük səy göstərirdilər. Bu xeyli dərəcədə onunla bağlı idi ki, ənənəvi
Avropa dövlətləri ilə yanaşı, Birinci dünya müharibəsindən sonra ABŞ iqtisadi
cəhətdən çox qüvvətlənmiş və əslində dünya siyasətini müəyyən edən dövlətlərdən
birinə çevrilmişdi. Müharibədən sonrakı ilk illərdə Birləşmiş Ştatlar dünyanın əsas
bankiri rolunu oynayırdı, yaxud ABŞ dövlət katibi Lansinqin dili ilə desək,
Amerika dünyanı iqtisadi cəhətdən idarə edirdi və siyasi cəhətdən də onu idarə
etməyə hazırlaşırdı. Bundan əlavə, prezident Vudro Vilson dünya müharibəsindən
sonra yaranan dünya sisteminin əsas memarı, yeni yaranmış dövlətlərin
müdafiəçisi, kiçik xalqların dostu kimi tanınırdı. Paris Sülh konfransı dövründə
Vilsonun Qafqaz respublikalarına soyuq münasibəti onunla bağlı idi ki, bir növ bu
respublikalar Polşa, Finlandiya, Çexoslovakiya, Yuqoslaviya və digərlərindən
fərqli olaraq, "gözlənilmədən" yaranmışdılar, yaxud Vilsonun 1918-ci ilin yanvarında elan edilmiş on dörd sülh prinsipində kiçik xalqların təyini müqəddəratı
hüququ təsbit edilsə də, həmin prinsiplərdə Rusiya imperiyasının dağılması
nəzərdə tutulmamışdı. Bir növ Vilson üçün Rusiyanın dağılması və onun
hüdudlarında Gürcüstan və Azərbaycan adlı respublikaların yaranması tamamilə
gözlənilməz bir hadisə idi. Qafqazda "qəflətən" meydana çıxan bu respublikalar
haqqında, nəinki Amerika prezidentinin və siyasi dairələrinin, eləcə də Birləşmiş
Ştatların ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Ə.M.Topçubaşov
Azərbaycan və Gürcüstanı ABŞ-də təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı
öz üzərinə götürmüş, Nyu-York şəhərindən ABŞ Konqresinin nümayəndələr
palatasının üzvü, vəkil Valter Çandler vasitəsi ilə sentyabr ayının 26-da prezident
V.Vilsona məktub və bir sıra materiallar göndərmişdi.