Nəcib Məhfuz
Nəcib Məhfuz (ərəb. نجيب محفوظ; 11 dekabr 1911[…], Qahirə, Misir – 30 avqust 2006[…], əl-Cizə mühafəzəsi[d]) — Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988).
Müsəlman dünyasının ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, ərəb yazıçısı, dramaturq və ssenariçi Nəcib Məhfuz Qahirədə, məmur ailəsində doğulmuşdu. Yeddi uşağın böyüdüyü ailə dindarlığı və islam ehkamlarına dərindən bağlılığı ilə seçilirdi. Nəcib Məhfuz müsahibələrinin birində belə mühitdən yazıçı yetişəcəyini heç kəsin ağlına gətirməyəcəyini demişdi. O, 1934-cü ildə Qahirə universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Sonra təxminən qırx il Misirin müxtəlif nazirliklərində çalışmışdı. "Ağılsızlıq rüzgarı" (1938) adlı ilk hekayələr məcmuəsi ərəb cəmiyyətinin təzadlarından bəhs edirdi.
Təxminən yetmiş il davam edən yaradıcılıq həyatı dövründə Nəcib Məhfuz 34 roman, 350-dən çox hekayə, 5 pyes və bir neçə film ssenarisi yazmışdı. Tovfiq əl-Hakimlə birlikdə o, ərəb ədəbiyyatının yenilənməsi prosesinin öncüllərindən idi.