MÜNAFİQLƏR
Mədinədə Məhəmməd peyğəmbərə və onun apardığı siyasətə qarşı gizli müxalifət yaratmış qrupun nümayəndələri idilər. Bu dəstə Məhəmməd peyğəmbərin Mədinəyə hicrət etməsindən sonra yaranmışdır. İslam qaynaqlarına görə onlar zahirən özlərini müsəlman kimi aparmış, ancaq əslində isə İslam düşmənləri idilər. Onlar müsəlman icmasının içində dağıdıcı fəaliyyətlə məşğul olmuşdurlar. İlk münafiq kimi Abdullah ibn Übeyin adı qeyd edilir. Münafiqlərin məqsədi Məhəmməd peyğəmbər və onun yaxınlarını Mədinədən qovub, şəhərdə hakimiyyəti öz əllərinə almaq idi. Onlar müsəlmanların arxasında onların düşmənləri ilə anlaşmış, müsəlmanların müxtəlif işlərinin görülməsinin qarşısını almaq istəmiş, İslam dini və Məhəmməd peyğəmbər haqqında iftiralar yaymışdırlar. Onlar müsəlmanlara böyük zərbələr vurmuşdurlar. Daha sonra münafiqlər müsəlmanlardan ayrılmış və Quba məntəqəsində tikdikləri Dirar adlı bir məsciddə yığışmağa başlamışdırlar. Bu məscid haqqında Quran ayələri də vardır (9: 107-108). Sonralar isə müsəlmanlar Təbuk yürüşündən qayıdanda o məscidi dağıtmışdırlar.
Münafiqlərin fəaliyyəti onlar üçün heç bir müsbət nəticə verməmiş, çünki müsəlman icması getdikcə güclənmiş və bütün düşmənlərinə qalib gələ bilmişdirlər.