Əllamə Şeyx Məhəmməd Hadi Mərifət
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət (1931, Kərbəla – 19 yanvar 2007) — İslam alimi.
== Həyatı ==
1931-ci ildə İraqın Kərbəla şəhərində ruhani bir ailədə dünyaya göz açmışdır. O, neçə əsr öncə Livanın Cəbəl Amil şəhərindən İranın İsfahan şəhərinə hicrət etmiş Şeyx Əbdül-Əli Meysinin sülaləsindən sayılır.
Əllamə Mərifət ibtidai və ali dini təhsilini Kərbəla şəhərində atası Şeyx Əli Mərifət və digər alimlərin yanında bitirmiş, daha sonra Nəcəf şəhərinə üz tutaraq ali dini təhsilini davam etdirmiş, Əllamə Seyid Əbülqasim Xoyi, Mirzə Baqir Zəncani, Şeyx Hüseyn Hilli, Seyyid Möhsün Həkim, İmam Xomeyni və Mirzə Haşim Amuli kimi alimlərdən dərs almışdır.
Bundan sonra Qum şəhərinə gəlmiş və həmin şəhərdə Quran elmləri, təfsir, fiqh və üsul fənləri üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Əllamə Mərifət İranın Tehran, Qum və Məşhəd şəhərlərində dini təhsil ocaqlarından əlavə, ali universitetlərdə də, professor kimi tədrislə məşğul olmuş, bir çox şagirdlər yetişdirmişdir. Quran elmləri, təfsir, fiqh, üsul, sosiologiya və digər sahələrdə dəyərli və misilsiz əsərləri qələmə almışdır ki, "ət-Təmhid fi ulumil-Quran" (6 cilddə) və "ət-Təfsirul-əsəriyyul-came" (6 cilddə), "ət-Təfsir vəl-mufəssirun" (2 cilddə), "Siyanətul-Quran minət-təhrif" və "Şübuhatun və rudud həvləl-Quranil-Kərim" adlı əsərləri onların daha önəmlisi sayılır.
O, dərin fiqhi baxışları ilə yanaşı təfsir və Quran elmləri sahəsində də, dərin ixtisasa malik olduğu üçün elmi-dini mərkəzlərdə daha çox Quran elmlərini dirçəldən və bu sahənin dahisi kimi tanınır.
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət 2007-ci il, yanvar ayının 19-da (cümə günü) 76 yaşında ikən ürək çatışmazlığından vəfat etmiş, müqəddəs Qum şəhərində həzrət Məsumənin (s) ziyarətgahında dəfn edilmişdir.