MATURİDİLƏR
ən nüfuzlu kəlam (I) məktəblərindən biridir. Bu məzhəbin yaranması Əbu Mənsur Maturidinin adı ilə bağlıdır. Maturidilər etiqadi məsələlərin doğru anlaşılması üçün Quranı əsas götürsələr də, onların insan düşüncəsi ilə anlaşılmasının mümkünlüyünü də inkar etmirdilər.
Məsələn, insan nəyinsə yaxşı, ya da pis olmasını təkcə müqəddəs mətnlərdən deyil, həm də öz ağlı ilə anlaya bilər. Ancaq ağlı vəhydən üstün tutmaq olmaz. Hər şeydən öncə insan iman gətirməli, sonra isə inancını ağılla təsdiq edib görməlidir ki, vəhylə onun düşüncəsi arasında ziddiyyət varmı. Beləliklə, maturidilər insan ağlının önəmini vurğulayır, ancaq daha çox vəhyə üstünlük verirdilər.
Qəza və qədərə gəlincə məturidilər hesab edir ki, kainatda bütün hadisələri Allah yaradır və hər şeyin taleyini həll edir. O, heç kəsin qarşısında məsul deyil, varlığı öz mütləq planı ilə yaradıb idarə edir. Bununla belə insanın iradə azadlığı da vardır. Allah insanın düşdüyü hər bir vəziyyəti onun özünün əməllərinə və istəklərinə əsasən yaradır. Buna görə də, əslində insan əməllərindən özü məsuldur.
Maturidilər Allahın zatını onun sifətləri ilə qarışdırmır, onların arasında fərq qoyur.
Sadəcə sifətlər onun zatından kənarda düşünülməz, buna görə də onların arasında bağlılıq vardır. Allahın zatına aid olan (sifətül-zatiyyə) və onun varlığına dəlalət edən sifətləri (sifətis-sübutiyyə) vardır.
Belə ki, Sifətül-zatiyyəyə altıdır: Vəhdəniyyə (Bir olmaq), Qıdəm (Əvvəli olmamaq), Bəqa (Sonu olmamaq), Müxalifatün- Lilhəvadis (Heç nəyə bənzəməmək), Qiyam binəfsihi (Möhtac olmamaq) və Vücud (Var olma).
Sifətis-sübutiyyə isə səkkizdir: Həyat (Diri olmaq), Elm (Bilikli olmaq), Səmi (Eşitmək), Bəsar (Görmək), İradət (Diləmək), Qüdrət (Hər şeyə gücü çatmaq), Kəlam (Danışmaq) və Təqvin (Yoxdan var etmək).
Quranın mahiyyətinə gəldikdə isə maturidilər hesab edirlər ki, o Allahın yaradılmamış sözüdür. Quranda Allahın əlləri, gözləri, eşitmə bacarığı, eləcə də başqa bu kimi keyfiyyətlərinin olduğundan bəhs edilir.
Bu kimi ayələrlə bağlı ilahiyyatçılar arasında gərgin mübahisələr baş vermişdir. Bu məsələdə maturidilər alleqoriyaların tətbiq edilməsinə yol verirlər.
Günahlar törətmiş insanlar barəsində maturidilər hesab edirlər ki, Allah qarşısında tövbə etməmiş günahkar müsəlmanlar sonsuz olaraq cəhənnəmdə qalmayacaqlar. Buna Quranın 6: 160 ayəsi dəlil gətirirlər. Bu ayəyə görə hər bir insan günahına görə cəzalanacaqdır.
Əgər Allah günahkar müsəlmanı kafirlər kimi cəzalandırsa, o zaman müsəlmanlarla kafirlər arasında heç bir fərq olmazdır.
Buna görə də Allah, müsəlmanları kafirlər kimi deyil, yüngül cəzalandıracaqdır.
Beləliklə Maturidi, müsəlmanların sonsuz olaraq cəhənnəmdə qalacağını düşünmürdü.
Onlara görə Allah günahkarları cəzalandıra bildiyi kimi, onları bağışlaya da bilər. Belə olduğu halda, müsəlmanın işlədiyi ən ağır günah belə onu İslamdan çıxarmaz.