Atabəylər Memarlıq Kompleksi
Atabəylər Memarlıq Kompleksi — Naxçıvan şəhərində yerləşən, şəhər Atabəylərin paytaxtı olan zaman əsas qoyulmuş nəhəng memarlıq kompleksi. Kompleksə Atabəy hökmdarlarının sarayı, Divanxana, Naxçıvan Cümə Məscidi, Mömünə Xatun türbəsi, Mədrəsə, giriş baştağı və digər yardımçı binalar daxil olmuşdur. Dövrümüzə kompleksdən yalnız Mömünə Xatun türbəsi çatmışdır.
== Mömünə Xatun türbəsi ==
Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir.
Memar bu türbəni Yusif Küseyir oğlu Türbəsindən 24 il sonra inşa etmişdir. Ona görə də bu sənət əsərində memarın ustalığının, müdrikliyinin artması ilə yanaşı sifarişçinin gücü, böyüklüyü də əks olunmuşdur. Mömünə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə Memar Əcəmi, yeni, zəngin ifadə vasitələri ilə bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir.
Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir.