MTU Friedrichshafen GmbH — 1909-cu ildə Vilhelm Maybax və onun oğlu Karl Maybax tərəfindən əsası qoyulmuş daxili yanma mühərrikləri istehsal edən Alman kommersiya şirkəti. Vilhelm Maybax 1907-ci ildə ayrılana qədər Alman çoxşaxəli avtomobil şirkəti Daimler AG-nin sələfi Daimler-Motoren-Gesellschaft (DMG) şirkətinin texniki direktoru idi. 23 mart 1909-cu ildə o, direktoru olaraq oğlu Karl Maybaxla birlikdə Luftfahrzeug-Motorenbau GmbH (Aircraft Engine Manufacturing Corp.) adlı yeni bir şirkət qurdu. Bir neçə il sonra şirkət Maybach-Motorenbau GmbH (Maybach Engine Manufacturing Corp) adlandırıldı və əvvəlcə zeplinlər və daha sonra vaqonlar üçün dizel və benzin mühərrikləri hazırladı və istehsal etdi. Maybach Mb. IVa mühərriki Birinci Dünya Müharibəsində təyyarə və dirijabllarda istifadə edilmişdir.
Şirkət ilk olaraq 1919-cu ildə eksperimental avtomobil istehsal etdi və ilk istehsal modeli iki il sonra Berlin avtosalonunda təqdim edildi. Şirkət 1921–1940-cı illər arasında müxtəlif klassik avtomobillər istehsal etdi, həmçinin dəniz və dəmir yolu məqsədləri üçün ağır yük dizel mühərrikləri istehsalına davam etdi. İkinci Dünya Müharibəsi zamanı Maybach Almaniyanın orta və ağır tankları üçün mühərriklər istehsal edirdi. Şirkət 1960-cı illərdə MTU Friedrichshafen adlandırıldı və Leopard 2 əsas döyüş tankı üçün mühərriklər təchiz etməyə davam etdi.
MTU-881 KA 500 Dizel Mühərriki
MTU-881 KA 501, Almaniyanın MTU şirkətinin PzH 2000 özüyeriyən haubitsası üçün istehsal etdiyi dizel mühərrikidir. T-155 Fırtına üçün Türkiyədə lisenziya altında istehsal olunur.