Müalicəvi yovşan
Müalicəvi yovşan (lat. Artemisia abrotanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Cənubi-Şərqi Avropada, Kiçik və Orta Asiyada, Qafqazda və İranda çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda yayılmışdır.
Şaquli, qalın köklü, çox budaqlı, oduncaqlaşmış gövdəli, hündürlüyü 60-150 sm-dək olan, xoş "limon" qoxulu çoxillik yarımkol bitkisidir. Yarpaqları növbəli düzülüşlü, mavi-yaşıl, alt tərəfi yapışıqdır. Boz tükcüklərlə örtülmüşdür; alt yarpaqları saplaqlı, iki və üç yerə lələkvari bölünmüş, orta yarpaqları oturaq, yuxarı yarpaqları üç yerə bölünmüş və ya bütövdür. Sentyabr-oktyabr aylarında çiçəkləyir. Xırda, sarı, boruvari çiçəkləri kiçik, sallaq səbətlərdə, gövdənin ucunda və budaqlarında yığılaraq şaxələnmiş süpürgəvari çiçək qrupu əmələ gətirir. Azərbaycanda müalicəvi yovşan yayın ikinci yarısında çiçəkləyir. Meyvələri noyabr-dekabr aylarında yetişir, toxumları hamar və çıxıntılıdır.