sif. [
ər. ]
1. Haqqında məhkəmə tərəfindən hökm çıxarılmış, hər hansı bir cəzaya məhkum edilmiş.
□ Məhkum etmək – haqqında hər hansı bir cəza hökmü çıxarmaq, cəza vermək. Ağır cəzaya məhkum etmək.
– …Belə ki, onu [məhkəmə] öz kəndindən Şamaxıya köçürüb orada həmişəlik yaşamağa məhkum edibdir. C.Məmmədquluzadə.
Məhkum olmaq – məhkəmə tərəfindən müəyyən cəza almaq. Həbsə məhkum olmaq.
– Məhkum olmuş bir canitək; Ağlayırdı yalvararaq. N.Rəfibəyli.
// İs. mənasında. Dustaq, məhbus.
Beş dəqiqə sonra məhkumlar bir-bir danışdırılıb keçdilər. H.Nəzərli.
Nökərlər xanın əmrilə bir məhkumu gözünü çıxarmaq üçün çəkə-çəkə meydana gətirdilər. Ə.Sadıq.
2. məc. İtaət altında olan, asılı vəziyyətdə olan; hüquqsuz, tabe.
Bakıda da qadınlar dörd divar arasında məhkum, məzlum, avam və cahil bir halda yaşayırdılar. H.Sarabski.
O, əzilən, məhkum ərəb deyil, artıq; O da çoxdan ayılmış! B.Vahabzadə.
□ Məhkum etmək – itaət altına almaq, tabe etmək, asılı etmək.
[Kamran:] Bunları bir də məhkum etmək mümkün deyildir. H.Nəzərli.
Məhkum olmaq – itaət altına alınmaq, tabe edilmək. Məhkum olmuş xalqlar.
3. Məhvi, həlakı, yaxud iflası, pis gələcəyi labüd olan. Məhvə məhkum.
– Əmək pərisi munisdi hər gəncə, hər ixtiyarə; İşsiz qalanlar, şübhə yox, məhkum idi səfalətə. H.Cavid.
Gözəllik bir çiçək, məhkum solmağa; Soldurma boş yerə sən onu, gəlin! Ə.Cavad.