Məmmədtağı Cəfərov
Məmmədtağı İbrahim oğlu Cəfərov (15 iyul 1936, Oxçuoğlu, Amasiya rayonu – 17 iyun 2007, Gəncə) — Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor.
Akademik Məmmədtağı Cəfərov 1936-cı ildə Ermənistan SSR Amasiya rayonundakı Oxçuoğlu kəndində doğulmuşdur. O, ilk təhsilini kənd səkkizillik məktəbində almış, sonra isə İrəvan kənd təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə qəbul olmuş, 1959-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Məmmədtağı müəllim tələbəlik illərindən başladığı elmi axtarışlarını aspiranturada davam etdirmiş, 1964-cü ildə "Azərbaycanın əsas torpaq tiplərində fosfor birləşmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır.
Öz elmi axtarışlarını pedaqoji sahədəki uğurlu fəaliyyəti ilə paralel şəkildə aparan M. Cəfərov 1964–1973-cü illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki AKTA) aqrokimya kafedrasında assistent, dosent, 1973–1983-cü illərdə isə torpaqşünaslıq və kənd təsərrüfatının meliorasiyası kafedrasının müdiri vəzifələrində çalışmışdır.
M. Cəfərov 1973-cü ildə Belorusiya Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. 1975-ci ildə isə ona professor adı verilmişdir. Kənd təsərrüfatı elmləri sahəsindəki uzun illər gərgin və səmərəli fəaliyyətinə, əldə etdiyi yüksək elmi nailiyyətlərə görə Məmmədtağı müəllim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvü seçilmişdir.
Akademik M. Cəfərovun 200-dək elmi əsəri, onlarca kitabı, o cümlədən monoqrafiya və dərslikləri – "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" monoqrafiyası, iki hissədən ibarət "Torpaqşünaslıq", "Torpaqşünaslıq praktikum" dərsliyi, "Azərbaycanda gübrələmə sisteminin əsasları", "Torpaqşünaslıq və geologiyanın əsasları", "İrimiqyaslı torpaq xəritələrinin tərtibi və istifadəsi", dörd hissədən ibarət "Torpaqşünaslıq" adlı sanballı tədqiqatı və digər əsərləri respublikamızda torpaqşünaslıq elminin inkişafında mühüm rol oynamışdır.