MƏMMƏDŞAH
MƏMMƏDVƏLİ
OBASTAN VİKİ
Məmmədtağı Bağırov
Məmmədtağı Abbas oğlu Bağırov (5 avqust 1890, Bakı – 16 aprel 1961, Bakı) — Azərbaycan-sovet opera müğənnisi (bariton), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan SSR xalq artisti (1938). == Həyatı == Məmmədtağı Bağırov 1890-cı ildə Bakıda anadan olmuşdur. İki il mollaxana təhsili almış, mütərəqqi üsullu rus-tatar məktəbində beş il oxumuşdur. İlk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxmış, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynamışdır. Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış etmişdir. Məmmədtağı Bağırov 1914–1919-cu illərdə "Səfa", Hüseynqulu Sarabskinin yaratdığı "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında çıxış edib. Yeniyetmə yaşlarından özünə "Əraqi" ləqəbini götürmüşdür. Bəzi proqram afişalarda təxəllüsü "İraqi" kimi də verilib. Məmmədtağı Bağırov 1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib. Kollektiv 1925-ci ildə Azərbaycan Dram Teatrından ayrılaraq Rus Operasının nəzdinə keçən vaxt Məmmədtağı Bağırov da yeni teatr truppasının tərkibinə qatılmışdır.
Məmmədtağı Cəfərov
Məmmədtağı İbrahim oğlu Cəfərov — Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor . == Həyatı == Akademik Məmmədtağı Cəfərov 1936-cı ildə İrəvan mahalının Amasiya rayonundakı Oxçuoğlu kəndində doğulmuşdur. O, ilk təhsilini kənd səkkizillik məktəbində almış, sonra isə İrəvan kənd təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə qəbul olmuş, 1959-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Məmmədtağı müəllim tələbəlik illərindən başladığı elmi axtarışlarını aspiranturada davam etdirmiş, 1964-cü ildə "Azərbaycanın əsas torpaq tiplərində fosfor birləşmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır. == Elmi fəaliyyəti == Öz elmi axtarışlarını pedaqoji sahədəki uğurlu fəaliyyəti ilə paralel şəkildə aparan M.Cəfərov 1964–1973-cü illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki AKTA) aqrokimya kafedrasında assistent, dosent, 1973–1983-cü illərdə isə torpaqşünaslıq və kənd təsərrüfatının meliorasiyası kafedrasının müdiri vəzifələrində çalışmışdır. M.Cəfərov 1973-cü ildə Belorusiya Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. 1975-ci ildə isə ona professor adı verilmişdir. Kənd təsərrüfatı elmləri sahəsindəki uzun illər gərgin və səmərəli fəaliyyətinə, əldə etdiyi yüksək elmi nailiyyətlərə görə Məmmədtağı müəllim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvü seçilmişdir. Akademik M.Cəfərovun 200-dək elmi əsəri, onlarca kitabı, o cümlədən monoqrafiya və dərslikləri – "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" monoqrafiyası, iki hissədən ibarət "Torpaqşünaslıq", "Torpaqşünaslıq praktikum" dərsliyi, "Azərbaycanda gübrələmə sisteminin əsasları", "Torpaqşünaslıq və geologiyanın əsasları", "İrimiqyaslı torpaq xəritələrinin tərtibi və istifadəsi", dörd hissədən ibarət "Torpaqşünaslıq" adlı sanballı tədqiqatı və digər əsərləri respublikamızda torpaqşünaslıq elminin inkişafında mühüm rol oynamışdır.
Məmmədtağı Dadaşov
Məmmədtağı Dadaşov(Tam adı:Məmmədtağı Teymur oğlu Dadaşov; d.1899, Bakı - ö.?) — Praporşik, dövlət xadimi. == Həyatı == 1899-cu ildə Bakı şəhərində anadan olmuşdu. Uşaq yaşlarından çevikliyi və ciddiliyi ilə seçilən Məmmədtağı müstəqil Azərbaycan Respublikası dövründə fəaliyyətə başlamış, hərbi yunkerlər məktəbinə daxil olmuş və həmin məktəbi praporşik rütbəsi ilə başa vurduqdan sonra bir müddət milli ordu sıralarında xidmət etmişdi Dadaşov 1932-ci il yanvarın 1-də verdiyi ifadəsində bildirirdi ki, “1918-ci ildə “Müsavat” yunker məktəbini bitirərək 1-ci Azərbaycan Alayına alay yunkeri vəzifəsinə göndərilmişəm və orada 5-6 ay işləmişəm”. === Ailəsi === 1925-ci ildə o, Həbibə xanım adlı bir qadınla ailə qurmuşdu. Dadaşovun Həbibə xanımdan İsmət və Şövkət adlı iki qızı, Məmməd adlı bir oğlu olmuşdur. Həbibə xanım Azərbaycan Dövlət Siyasi İdarəsinə (Azərbaycan DSİ) göndərdiyi məktubların birində bildirirdi ki, Məmmədtağı həbs olunanda kiçik uşaqları Məmməd 5 aylıq idi. == Fəaliyyəti == 1919-cu il noyabrın 25-dən Balaxanı Sabunçu bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi. M.Dadaşov işlədiyi müddətdə həm denikinçilərə, həm əhali arasında Azərbaycan Respublikasının və onun rəhbərlərinin əleyhinə yönəldilmiş bolşevik təbliğatına, həm erməni daşnaklarına, həm də xarici müdaxiləçilərə qarşı inadla mübarizə aparmışdır. Elə ona görə də sovet hakimiyyəti illərində 4 dəfə həbs edilmişdir. == Azadlıqdan məhrum edilməsi == İlk dəfə onu AXC devrildikdən bir qədər sonra - 1920-ci ildə həbs etmiş və əməllərində cinayət tərkibi olmadığından azadlığa buraxılmışdı.
Məmmədtağı Nağıyev
Məmmədtağı Yusif oğlu Nağıyev (1912, Şamaxı – bilinmir) — Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon, Zəngilan Rayon, Xıllı Rayon Komitəsinin birinci katibi, Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Məmmədtağı Nağıyev 1912-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası boyaçı, anası evdar xanım olmuşdur. 1912-ci ildə ailəsi Göyçaya köçmüşdür. 1925-ci ildə Məmmədtağı Nağıyev burada 5-ci sinfi bitirərək pedaqoji texnikuma daxil olmuşdur. 1930-cu ildə texnikumu bitirdikdən sonra o Qaradağlı 7 illik məktəbinə göndərilmişdir. Məmmədtağı Nağıyev 1932-ci ildə isə Zərdab rayonunun Zərdab kəndində nümunəvi məktəbdə müəllim işləməyə başlamışdır. 1933-1934-cü illərdə isə Bakı şəhərindəki İstehlak Kooperasiyası İnstitutunda təhsil almışdır. Sağlamlıq səbəbi ilə təhsilini davam etdirə bilməyən Məmmədtağı Nağıyev Göyçaya qayıdır və Dövlət Bankının Göyçay Rayon şöbəsində mühasib işləməyə başlamışdır. 1937-ci ildə isə Dövlət Bankının İsmayıllı şöbəsinə rəis göndərilmişdir.
Məmmədtağı Qəniyev
Məmmədtağı Qasım oğlu Qəniyev (9 may 1907, Şamaxı - 24 may 1979, Bakı) ― baytarlıq elmləri doktoru (1944), professor, mikrobioloq, epizootoloq, dövlət xadimi, pedaqoq, Azərbaycan SSR Əməkdar elm xadimi (1958), SSRİ Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının üzvü, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1962). == Həyatı == Məmmədtağı Qəniyev 9 may 1907-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1920-ci ildə S.Orconikidze adına hərbi hazırlıq məktəbinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Elə həmin il Leninqrad hərbi rabitə məktəbinə göndərilmişdir. Lakin sağlamlığı ilə əlaqədar 1927-ci ildə hərbi təhsildən azad edilmiş və Bakıya qayıtmışdır. 1928-ci ildə M.Ə.Sabir adına orta məktəbi bitirən Məmmədtağı Qəniyev 1928-1932-ci illərdə Zakfederasiya adına Yerevan Baytar-Zootexnika İnstitutunda ali təhsil almışdır. == Əmək fəaliyyəti == Məmmədtağı Qəniyev 1932-1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Mikrobiologiya kafedrasının dosenti və direktoru vəzifəsini icra etmişdir. O, 1943-1947-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru, 1947-1955-ci illərdə direktor müavini, 1955-1970-ci illərdə isə həmin stansiyanın əsasında yaradılmış institutun direktoru olmuşdur. Daha sonra 1970-1971-ci illərdə Zoologiya İnstitutunda mikrobiologiya bölməsinin, 1971-ci ildən isə həmin bölmənin böyük elmi işçisi kimi fəaliyyət göstərmişdir. == Elmi fəaliyyəti == Məmmədtağı Qəniyev 1936-cı ildə baytarlıq üzrə fəlsəfə, 1944-cü ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir.
Məmmədtağı Əliyev
Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu Əlizadə (10 yanvar 1858, Şamaxı – 1918, Şamaxı) — Rusiyada I Dövlət dumasının üzvü, "Hümmət" partiyasının yaradıcılarından biri, "Əkinçi" qəzetinin fəal müxbiri olmuşdur. == Həyatı == Məmmədtağı Hacı Əbdüssəməd oğlu 1858-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Real məktəbi bitirmişdi. Moskva Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasının məzunu idi. Azərbaycanda bioloji və kənd təsərrüfatı bitkilərinin yayılmasında bu akademiyanın tələbəsi Məmmədtağı Əliyev fəal iştirak edirdi. Məmmədtağı Şirvani təxəllüsü ilə "Əkinçi" qəzetinə məqalə yazırdı.[mənbə göstərin] Məmmədtağı Əliyev Almaniyada, Finlandiyada yaşamışdı. Bir neçə dildə – alman, fransız, ərəb, fars və rus dillərində gözəl danışan Məmmədtağı Əliyev Rusiyada I Dövlət Dumasının deputatı olmuşdur. Duma qovulduqdan sonra isə Şamaxıya qayıtmış və şəhərin ictimai həyatında fəaliyyət göstərmişdir. Onun zəngin və nadir şəxsi kitabxanası olmuşdur. Həmin kitabxanada nadir əlyazmaları və məşhur adamların avtoqrafları xüsusilə diqqətəlayiq imiş.