is. [
ər. ]
1. Bir adamın sözü keçmə, hörməti, etibarı, təsiri olma; hörmət, etibar, təsir; avtoritet.
Naməlsəm camaatının arasında Əminin nüfuzu gündən-günə artır. N.Nərimanov.
Cülus günündə iştirak etmək üçün xəlifə nüfuzu altında olan ölkələrin hökmdarları da öz mühafizə qoşunları ilə bərabər Bağdada gəlmişdi. M.S.Ordubadi.
□ Nüfuz qazanmaq – hörmət qazanmaq, hörməti, etibarı artmaq, avtoritet qazanmaq.
Nüfuzdan düşmək – hörməti, etibarı itmək, əvvəlki etibarı qalmamaq.
[Xəlil] onun yanında nüfuzdan düşməsin deyə, işi birtəhər, zarafatla yola vermək istədi, zorla gülümsündü. M.Hüseyn.
Nüfuzdan salmaq – hörmətdən, etibardan salmaq, bihörmət etmək, alçaltmaq.
[Sadıqov:] Bu məni biabır etməkdir, nüfuzdan salmaqdır. İ.Əfəndiyev.
2. Təsir etmə, keçmə, içəriyə işləmə.
□ Nüfuz etmək – təsir etmək, işləmək, keçmək.
Qurban … sümüklərinə qədər nüfuz edən soyuqdan bir yumaq kimi büzüşdü… A.Şaiq.
Onun iti nəzərləri geniş üfüqlərə nüfuz edir. M.Hüseyn.
May günəşi elə bil onun ürəyinin içinə qədər nüfuz edir. S.Rəhman.