NEYMƏTULLAHİLİK

İranda XIII/XIV əsrdə yaranmış sufi təriqətlərindən birinin adıdır. Öncə sünni, sonra isə şiə yönlü olmuş təriqətdir. Bu təriqət öz mənəviyyat yolunu Əli ibn Əbu Taliblə bağlayır. Təriqətin adı Şah Neymətullah Vəli ilə bağlıdır. Onun ölümündən sonra bu təlim İranda və başqa yerlərdə yayılmışdır. Onun oğlu Bürhanəddin Xəlilullah bu təriqəti Hindistanda yaymışdır. Təriqətin mərkəzi İranın Kirman vilayətindəki Məhan kəndində yerləşir. Sonra neymətullahilər İran ərazisində yaranmış dövlətlərin ictimai və siyasi həyatlarında fəal iştirak etmişdirlər. Səfəvi şahı I Şah Abbasın (995/1587 – 1038/1629) hakimiyyəti dövründə neymətullahilər ona qarşı çıxış etmiş, ölkədə çevriliş etməyə çalışmışdırlar. Bundan sonra I Şah Abbas onlara qarşı amansız olmuş və təriqətin İranda fəaliyyətinə son qoyulmuşdur. XII/XVIII əsrə qədər neymətullahilər yalnız Hindistanda fəaliyyət göstərə bilmişdirlər. 1189/1775-ci ildə şeyx Rıza Əli Şah, Hindistandan İrana Məsum Əli Şah Dəqqanini göndərmiş, o da orada təriqətin fəaliyyətini bərpa etmişdir. Qacarlar sülaləsinin (1210/1796 – 1344/1925) dəstəyini aldıqdan sonra, neymətullahilər İranın ictimai-siyasi həyatında yenə nüfuz qazana bilmişdirlər. Ancaq həmin dövrdə neymətullahilər Səadət Əli-Şahi (Günəbadi), Səfi Əli-Şahi, Münəvvər Əli-Şahi (Zur- Rəyasəteyn) adlanan üç təriqətə bölünmüşdürlər. Neymətullahilərin mənəvi yolu Neymətullah Vəli Şahın irsinin əsasında qurulmuşdur. Sonrakı dövrlərdə onun təlimi inkişaf etdirilmişdir. Neymətullahilərin mənəvi yolunun əsasında səssiz (xəfi) zikr durur. Onlar zikrlərdə Əli ibn Əbu Talibi və qeybdə olan Mehdini anırlar. Onlar səmalar da keçirirlər. Bundan başqa təriqətin müridləri özünü dərk etmə təcrübələrindən də keçirlər. Neymətullahilərdə tərki-dünyalıq bəyənilmir. Onlar dünya işləri ilə məşğul olsalar da, qəlblərində abid olurlar. Neymətullahilərin keçə geyimləri olur. Başlarına şiə imamlarının rəmzi olan 12 zolaqlı hündür papaqlar qoyurlar. Onların şeyxi (qütbü) seçki yolu ilə seçilir. Təriqətə daxil olma mərasimi və qaydaları (beyət) başqa sufi təriqətlərində olduğu kimidir.
NASSLAR
NEYMƏTULLAHİLİK

Digər lüğətlərdə