Nihad Babayev
Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib.
Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda olub: "Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum".
Qeyd edək ki, "Günnüt əməliyyatı" nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib.
Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib.