1. Əlaqədarlıq, təəllüq, mənsubiyyət, bağlılıq, münasibət. Bunun o işə heç bir nisbəti yoxdur.
– Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dastanə bax.
2. İki şey arasında olan münasibət, oxşarlıq, uyğunluq, qiyas.
Həqdi, gözəl çoxdu cahan içində; Ola bilməz sənə nisbət hər gözəl.
□ Nisbət vermək (eyləmək) – müqayisə etmək, oxşatmaq, bir tutmaq.
Eşqimi eyləmə nisbət özünə, ey bülbül; O sənin istədiyin fəsli-gülüstan gülüdür.
3. Qoş. mənasında. Görə, aid.
[Məstəli şah:] Xanım, mənə nisbət nə qulluğunuz var?
Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı.
// bax nisbətən.
4. Nisbətdə şəklində – iki şey arasında müqayisə, hal və miqdar bildirir.
[Turxan bəy:] Ömür artdıqca həyatdakı nəşə də o nisbətdə əskilir.
[Xədicənin] rəngi bir qədər ağarmış, gözəlliyi də o nisbətdə artmışdı.
5. Riyaziyyatda: böyük kəmiyyətin kiçik kəmiyyətə bölünməsi. Altının üçə (6/ 3 ) nisbəti.
◊ Nisbət şəkilçiləri qram. – əşyanın, hadisənin qrammatik şəxslərdən birinə aid olduğunu bildirən şəkilçilər; məs.: -ım, -ın, -ı və s.