NİZARİLƏR
İsmaili təriqətlərindən birinin mənsubları olmuşdurlar. Dini təlimləri ismaililiyin ümumi müddəalarının əsasında qurulmuşdur. 487/1094-cü ildə Fatimi xəlifəsi Müstənsirin ölümündən sonra onun oğlu Nizar xəlifəlik iddiasında olmuşdur.
Ancaq, hakimiyyəti onun kiçik qardaşı Müstəli ələ keçirmişdir. Nizar İsgəndəriyyəyə qaçıb orada ona qarşı üsyan qaldırmaq istəsə də, məğlub olmuş və həbsxanada öldürülmüşdür. Bundan sonra Nizarın tərəfdarları onun soyundan olanları imam kimi tanımış, xəlifə Müstəlinin soyunu isə tanımamışdırlar. Onları nizarilər və ya “Şərqi ismaililər”, Xəlifə Mustəlinin soyundan olanları imam sayanlar isə “müstəlilər” adlandırılmışdırlar.
Sonra nizarilər Fatimilərin hakimiyyəti altında olmayan bölgələrdə daha çox yayılmışdırlar. Onlar İranın şimalında dağlarda yerləşən Ələmutu alınmaz qalaya çevirərək orada bir dövlət qurmuşdurlar. Bu ölkənin yaradıcısı “yeni ismaililik” ideyalarını irəli sürmüş Həsən ibn Səbbah olmuşdur.
Siyasi təriqət olmuş nizarilər, uzun illər boyu başqa ölkələrə qarşı sabotajlar törətmiş, məqsədlərinə çatmaq üçün kütləvi terrora əl almışdırlar. Nizari qatilləri müsəlman dünyasının bir çox görkəmli elm, siyasət və din adamlarını öldürülmüşdülər.
Dağlıq yerlərdə yerləşdiklərinə görə ətraflarda olan müsəlman ölkələri onlara qarşı savaşların aparılmasında çətinliklər çəkmiş, onlara sarsıdıcı zərbə endirə bilməmişdirlər. Bunu yalnız monqollar edə bilmişdilər. 653/1256-cı ildə Hülaki xan Ələmutu darmadağın etmişdir.
Nizari qatilləri həşişdən sərxoş halında olduqları zaman qətlləri törədirdilər. Buna görə onları “həşşaşi”lər də adlandırmışdırlar.
Bu söz Avropa dillərində “assassin” kimi səslənir, “siyasi qatil” anlamında işlədilir.
Avropanın kralları və başqa siyasətçilər bir zamanlar həşşaşilərdən öz rəqiblərini qətlə yetirmək üçün istifadə edirdilər.
Monqollar Ələmut qalasını ələ keçirdikdən sonra onu dağıtmış, bu dövlətin varlığına son qoymuşdular. Bundan sonra nizarilər zərərli təriqətin mənsubları kimi hər yerdə təqib olunub məhv edilirdilər. Onların sağ qalmış azsaylı dəstəsi Hindistana qaçmışdır. Daha sonra nizarilər terrordan imtina etmişdirlər. Onlar öz inanclarını dünyanın müxtəlif yerlərində bu günə kimi yaymaqdadırlar. İndi onların öndərləri Ağaxan adını daşıyır, nizarilər onu Tanrının təcəllisi kimi qəbul edirlər. Ağaxanın Hindistanda və Keniyada iqamətgahları vardır.
Tacikistanın bəzi bölgələrində də nizariliyin davamçıları mövcuddur.