Nəfəsli musiqi alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur.
Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür:
Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s.
Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s.
Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir.