Yaşıl Ox
Yaşıl Ox (ing. Green Arrow) — DC Comics tərəfindən nəşr edilən komik kitablarında görünən uydurma personajdır. Mort Veyzinger və Corc Papp tərəfindən yaraılmış personaj ilk dəfə 1941-ci ilin noyabrında “More Fun Comics #73” nəşrində təqdim edilmişdir. Əsl adı Oliver Cona Kuin olan personaj zəngin iş adamı və “Queen Industries” adlı şirkətin rəhbəri, Star-sitinin tanınmış şəxslərindəndir. Bəzən Robin Hud kimi geyinən və mahir oxçu olan Yaşıl Ox, bacarıqlarını doğma şəhərləri Star-siti və Sietlda cinayətkarlığa qarşı mübarizə aparmaq üçün istifadə edir, bu məqsədlə tez-tez Ədalət Liqası üzvü olan digər qəhrəmanlarla iş birliyində olur. Müasir hekayələrdə daha az istifadə olunmasına baxmayaraq, Yaşıl Ox adi oxlarla yanaşı yapışqanlı, partlayıcılı, qarmaqlı, gözyaşardıcı qazlı və hətta xüsusi hallar üçün kriptonit başlıqlı oxlardan da istifadə edir. Debüt etdiyi erkən dövrlərdə Betmenin ox mövzulu analoqu olan Yaşıl Ox, sonradan yazıçılar tərəfindən Betmen xarakterindən tamamilə fərqlənən sol qanad personajı kimi inkişaf etdirilmişdir.
İlk illərində məşhurluq qazanmış Yaşıl Ox dəfələrlə “More Fun” seriyasının üz qabığında yer almış, həmçinin digər seriyalarda da görünmüşdür. Buna baxmayaraq, nəşrinin ilk iyirmi beş ilində personaj heç vaxt böyük satış uğuru və məşhurluq qazanmamışdır. 1960-cı illərin sonlarında rəssam Nil Adamsın personajı yeni dramatik üslubda təsvir etməsindən ilhamlanan yazıçı Dennis O’Nil onun üçün yeni istiqamət müəyyənləşdirərək, gücsüzlər və kasıbları incidənlərə qarşı səlibçi kimi təqdim etməyə başlamışdır.