Padar (Oğuz)
Padar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Yaşayış məntəqəsinin adı oğuz-səlcuq tayfalanndan biri olan padarların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın cənubunda yaşamış, Səfəvilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şimal zonasına köçürülmüşdülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XVIII əsrdə Cavad qəzasında yaşayan padarların ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur.
Padar türk-Azərbaycan mənşəli etnotoponimidir. Padarlar Oğuz-Səlcuq tayfalarından biridir. Akademik İ.M.Meşşaninov Azərbaycanda Padar oykonominin çox qədim tarixə malik olub, Patari (şəhər adı) oykonomini ilə bağlı olduğunu göstərmişdir.