Məmməd Məmmədov (partizan)
Məmməd Xəlil oğlu Məmmədov (1923, Muğanlı, Zaqatala rayonu – 2003, Osterveyk[d], Şimali Brabant) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Niderland Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngəvər Titulu” almış qəhrəman, bu ölkənin Kral ailəsinin fəxri üzvü, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı.
== Həyatı ==
Məmməd Məmmədov 1923-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində anadan olmuş, müharibənin ilk günlərdə cəbhəyə göndərilmiş, 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafındakı döyüşlərdə almanlar tərəfindən əsir götürülmüş, 28 nəfər soydaşımızla birlikdə Niderlandın Osterveyk şəhərinə göndərilmişdir.
Tezliklə Məmməd Məmmədov əsir düşərgəsindən qaçır və holland partizanlarına qoşularaq, göstərdiyi igidliklərə görə onlar arasında "Medo" ləqəbiylə əfsanələşir. Müharibə vaxtı o, bir neçə həmyerlisi ilə birlikdə Osterveyk meşələrində səngərlər qazıb, çox işlər görməyə məcbur olub. Niderlandın azadlığı uğrunda şimali Barbant meşələrində göstərdiyi igidliklərlə məşhurlaşmışdı.
Müharibədən sonra Məmməd Məmmədov 1946-cı ildən başlayaraq uzun müddət “Wed” ayaqqabı fabrikində çalışır. O , 1956-cı ildə “Həmişə hazıram” (“Altijd paraat”) polis itlərinin təlimi ilə məşğul olan birliyi təsis edir. Bu təlim mərkəzi indiyədək fəaliyyətdədir və Osterveykin yaxınlığındakı meşədə yerləşir. Bu birliyin də təsis edilməsinin maraqlı tarixçəsi var. O vaxtlar ətrafdakı meşələrdə canavarlar çoxalmışdı və yerli əhali, əsasən qadın və uşaqlar qorxu içində yaşayırdılar.