Peyin
Peyin — Torpağın münbitliyini və məhsuldarlığını artırmaq üçün torpağa verilən gübrədir. Bu gübrələr uzaq məsafələrə göndərilməyib yalnız istehsal olunduğu yerdə işlənildiyindən onlara yerli gübrələr də deyilir. Hazırkı intensiv əkinçilik sistemində peyin nəinki bitkilərin qidalanmasını yaxşılaşdırır, eyni zamanda o, torpaq əmələgəlmə prosesində münbitləşməyə təsir göstərən ən güclü ekoloji təmiz vasitədir
Peyinin tərkibi bitkilərin qidalanması üçün lazım olan azot, fosfor, kalium, kalsium, maqnezium və kükürd kimi qiymətli elementlərlə zəngindir. Təzə peyində orta hesabla 75% su, 25% quru maddə, 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% əhəng, 0,15% maqnezium olur. Göstərilən elementlərin orta hesabla miqdarı mal-qaranın növündən, yemlənməsindən və peyinin saxlanmasından asılı olaraq dəyişə bilər.Ən çox nəmliyə malik peyin qaramaldan ifraz olunur. Bu peyində bitki üçün lazım olan qida maddələrinin faizi nisbətən azdır. At və qoyun peyinin tərkibində nəmlik faizi qaramal peyininə nisbətən az olur, qidalı maddə ilə zəngindir. Burada əsasən azot və kaliumun miqdarı 0,67% −0,89%-ə qədər çatır. Donuz peyini qaramal və ata görə orta səviyyədə durur. Peyinin zənginliyi qidalı elementlərin hansı formada olmasından da çox asılıdır.